
Azərbaycan Tibb Universitetində (ATU) mədəniyyətlərarası tələbə festivalında iştirak edən tələbələrə sertifikatların təqdim olunması məqsədilə görüş keçirilib
Görüşdə İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri, dosent Aygün Babayeva çıxış edərək tədbirin təşkilində və keçirilməsində iştirak edən tələbələrə təşəkkürünü bildirib. O, universitet rəhbərliyinin beynəlxalq mühitin inkişafına xüsusi diqqət yetirdiyini vurğulayıb və bu istiqamətdə göstərilən dəstəyə görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə minnətdarlığını ifadə edib.
A.Babayeva qeyd edib ki, festival yalnız müxtəlif mədəniyyətlərin təqdim olunduğu tədbir deyil, həm də tələbələr arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edən mühüm platformadır.
Təltifetmə mərasimində fakültə dekanları, rezidentura və magistratura şöbəsinin rəhbərliyi, həmçinin rektorun müşaviri də iştirak ediblər. Görüş çərçivəsində festivalda fəal iştirak edən tələbələrə fəxri sertifikatlar təqdim olunub, sonda xatirə şəkilləri çəkdirilib.
Qeyd edək ki, universitetdə ilk dəfə təşkil olunan mədəniyyətlərarası tələbə festivalı 23 ölkəni təmsil edən 222 tələbəni bir araya gətirib. Tədbir çərçivəsində müxtəlif ölkələrin mədəniyyətini əks etdirən stendlər təqdim olunub, milli mətbəx nümunələri nümayiş etdirilib və yaradıcı çıxışlar göstərilib. Təşkilatçılar hesab edirlər ki, bu festival universitetdə yeni bir ənənənin əsasını qoyaraq gələcək illərdə daha geniş miqyasda davam etdiriləcək.