Bizi izləyin:
Heydər Əliyev
Hərbi xidmətlə bağlı mühüm yeniliklər tələbələrə çatdırılıb

Hərbi xidmətlə bağlı mühüm yeniliklər tələbələrə çatdırılıb

Son dəyişikliklər məzunlarımızın zabit rütbəsində və həkim kimi hərbi xidmət keçməsini nəzərdə tutur

Martın 12-də Azərbaycan Tibb Universitetində yuxarı kurs tələbələri, magistrantlar və rezidentlərlə görüş keçirilib. Əvvəlcə Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov görüş iştirakçılarına rektor, professor Gəray Gəraybəylinin salamlarını və bu gün təqdim olunacaq mühüm yeniliklərlə bağlı təbriklərini çatdırıb.

Prorektor qeyd edib ki, ölkəmizdə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən son dəyişikliklərlə əlaqədar bir sıra yeniliklər qüvvəyə minib: “Bununla bağlı Müdafiə Nazirliyinin Tibb Xidmətinin rəisi, tibb polkovniki Anar İsmayılov, Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini, Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər sahəsi üzrə fəlsəfə doktoru, general-mayor Arif Həsənov və ATU-nun Hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev məlumat verəcəklər”.

Çıxış edən tibb xidməti polkovniki A.İsmayılov bildirib ki, görüşün əsas məqsədi dövlət rəhbərliyinin həkimlərə göstərdiyi yüksək etimadı tələbələrə çatdırmaq və son vaxtlar “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklər barədə onları məlumatlandırmaqdır: “Əvvəllər ali təhsili olan şəxslər bir il, ali təhsili olmayanlar isə bir il altı ay hərbi xidmət keçirdi. Həkim ixtisası üzrə məzun olanlar da əsgər kimi xidmət edir, ən yaxşı halda sanitar-təlimatçı vəzifəsində çalışır və xidmətin sonunda əsgər rütbəsi ilə ehtiyata buraxılırdılar”.

Onun sözlərinə görə, bu vəziyyət həkimlərin peşə biliklərindən tam istifadə olunmasına imkan vermirdi. Buna görə də Müdafiə Nazirliyinin Tibb Xidməti tərəfindən yeni təkliflər hazırlanaraq təqdim edilib: “Biz hesab düşünürdük ki, həkimlər bir il və ya bir il altı ay müddətində sadəcə əsgər kimi xidmət etmək əvəzinə, məhz öz peşələri üzrə fəaliyyət göstərməlidirlər. Bu həm dövlət, həm də ordu üçün daha faydalı olar”.

A.İsmayılov deyib ki, təkliflər yüksək səviyyədə dəstəklənib və qısa müddətdə qanunvericiliyə müvafiq dəyişikliklər edilib: “Yeni qaydalara əsasən, məzunlar əvvəlcə Milli Müdafiə Universitetinə göndəriləcəklər. Burada onlar qısamüddətli zabit hazırlığı kursu keçəcəklər. Bir aylıq hazırlıq kursundan sonra məzunlara leytenant hərbi rütbəsi veriləcək və onlar bir il müddətində zabit kimi xidmət edəcəklər. Bu dövrdə onlar maaş alacaq və bütün zabitlərin malik olduğu hüquq və təminatlardan yararlanacaqlar. Xidmət müddəti başa çatdıqdan sonra gənc həkimlər öz seçimlərinə uyğun olaraq ya kadr zabit kimi xidmətlərini davam etdirə, ya da ehtiyata buraxıla bilərlər”.

Polkovnikin bildirdiyinə görə, leytenant rütbəsi gələcəkdə digər xüsusi rütbəli dövlət qurumlarında işləmək üçün də əlavə imkanlar yaradır.

A.İsmayılov əlavə edib ki, yeni sistemdə ərazi prinsipi də nəzərə alınacaq. Bu isə gənc həkimlər üçün əlavə rahatlıq yaradacaq: “Məsələn, Şəmkirdə yaşayan bir həkim xidmətini davam etdirmək istəsə, onun həmin bölgədə işlə təmin olunmasına çalışacağıq. Bu da əlavə yaşayış və məskunlaşma problemlərinin qarşısını alacaq və xidmətin daha rahat keçməsinə imkan yaradacaq”.

Sonra Milli Müdafiə Universiteti rektorunun müavini Arif Həsənov çıxış edib. Nəzərə çatdırıb ki, indiyədək ali təhsil almış gənclər də digər vətəndaşlar kimi ümumi qaydada hərbi xidmətə çağırılır və bir il müddətində müxtəlif vəzifələrdə xidmət edirdilər: “Bu xidmət dövründə onların ixtisasına uyğun imtiyaz və ya xüsusi yanaşma nəzərdə tutulmurdu. Bildiyiniz kimi, ölkəmizdə insan kapitalının daha səmərəli istifadəsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu dəyişikliklərin də əsas məqsədi ali təhsilli, xüsusilə də tibb sahəsində yüksək hazırlığa malik gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə etməkdir”.

Qeyd olunub ki, yeni yanaşmaya əsasən, ali təhsilli həkimlərin hərbi xidmət dövründə məhz öz ixtisasları üzrə fəaliyyət göstərmələri üçün hüquqi baza yaradılıb. Beləliklə, həm dövlət, həm ordu, həm də gənc mütəxəssislər bundan fayda əldə edəcək.

General-mayorun sözlərinə görə, əsgərlər üçün ilkin hazırlıq kursu təxminən 45 gün davam edir. Həkimlər üçün isə adaptasiya və hazırlıq kursu təxminən bir ay müddətində keçiriləcək. Bu müddətdə onlar hərbi intizam qaydaları, silahdan istifadə, hərbi etik davranış, həmçinin hərbi tibb xidmətində tətbiq olunan sənədləşmə və tibbi qeydiyyat qaydaları ilə tanış olacaqlar: “Leytenant rütbəsi aldıqdan sonra onlar zabit statusu ilə xidmət edəcək, hərbi tibb müəssisələrində öz ixtisasları üzrə fəaliyyət göstərəcəklər”.

A.Həsənov onu da bildirib ki, yeni tətbiq olunan sistem gənc həkimlərin sosial təminatını da nəzərə alır. Onun sözlərinə görə, hərbi xidmət dövründə zabit kimi fəaliyyət göstərən həkimlər üçün yaşayış və sosial məsələlər dövlət tərəfindən təmin edilir: “Əgər hərbi xidmətə cəlb olunan həkim ailəlidirsə və kirayədə yaşayırsa, onun mənzil kirayəsi dövlət tərəfindən ödənilir. Məsələn, Gəncədə xidmət edən və ailəsi ilə birlikdə yaşayan bir həkim kirayə mənzildə qalarsa, həmin kirayə haqqı dövlət tərəfindən qarşılanır”.

Tədbir tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb. Çıxış edənlər və o cümlədən kafedra müdiri Məharət Rzayev onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.

 

Paylaş

Dostlarınız ilə paylaşın.