
Martın 17-də Azərbaycan Tibb Universitetində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə, komitənin nəzdində fəaliyyət göstərən “Şəfa” ansamblının Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub
Tədbir universitetin tələbələri, müəllim heyəti və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Konsert proqramı tələbələrin ifasında səsləndirilən müxtəlif janrlı musiqi nömrələri ilə yadda qalıb. Gecədə klassik və müasir musiqilər, eləcə də populyar xarici və yerli ifalar təqdim olunub. Səhnə çıxışları tamaşaçılara tələbə həyatının yalnız dərs və imtahanlardan ibarət olmadığını, eyni zamanda yaradıcılıq və incəsənətlə zəngin olduğunu nümayiş etdirib.
Tədbirin aparıcıları universitetin tələbələri İsa Nayıbov və Aydan Qocayeva olub. Onlar çıxışlar arasında tamaşaçılarla ünsiyyət quraraq gecəyə xüsusi rəng qatıb, proqramı maraqlı və dinamik şəkildə təqdim ediblər.
Konsert “Game of Thrones” musiqisi ilə açılıb. Daha sonra pianoda solo ifa ilə Ghazaleh Neməti çıxış edib. “Ey gözəl” mahnısı Nicat Əhmədovun ifasında səsləndirilib. “Catalina” mahnısı ilə tədbir daha da canlanıb. Tələbələr bu mahnını, eləcə də “Bambaşka biri” və “I Will Survive” kimi məşhur ifaları alqışlarla qarşılayıblar.
Tələbələrin ifasında səsləndirilən “Pıçıldaşan ləpələr” isə hər kəsin ruhunu sanki gizli bir sahilə apararaq xatirələr dünyasına səyahət etdirib. Gecədə Cansu Güzel “Sil Baştan”, Roza Ağayeva isə “Vur ürəyim” mahnılarını ifa edərək tamaşaçıların rəğbətini qazanıb.
“Skyfall” ifası ilə proqram davam edib, daha sonra Elmira Rəhimovanın repertuarından “İntizar” mahnısı səsləndirilib.
Nicat Əhmədov “Fairytale” mahnısı ilə səhnəyə çıxaraq tamaşaçılara enerjili anlar yaşadıb. Nicat Əhmədov və Məryəm Nayıbovanın birgə təqdimatında “Bayatılar” ifası maraqla qarşılanıb. Ardınca “Kara Sevda”, “Hit the Road Jack”, “Bu aşk fazla sana” və “Sən gəlməz oldun” mahnıları səsləndirilib.
İfaçılardan Xədicə İsazadə, Şövkət Qulizadə, Liva Bitmez, Nigar Mehdiyeva, Aysel Ağayeva, Zərifə Mehrəliyeva və Sara Adayeva da maraqlı musiqi nömrələri ilə çıxış ediblər.
Konsert “Die With a Smile” mahnısı ilə yekunlaşıb.
Tədbirdə həmçinin instrumental ifalar da yer alıb. Skripkada Şəms Carçallı, Nigar Dadaşzadə, Onur Mirzeyev və Tural Yusifli, tarda Abdulrəhim Mürsəlov, gitarada Ramazan Məmmədov və Məhəmməd Məmmədov, pianoda isə Xədicə Sədiyeva və Samir Səfərov öz çıxışları ilə yadda qalıblar.
Gecənin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür ifadə olunub, tələbələrin ifaları xüsusi vurğulanaraq onların bu tədbirə bəxş etdiyi enerji və musiqi ab-havasının unudulmaz olduğu qeyd edilib.
Tədbir iştirakçıların alqışları və xoş təəssüratları ilə başa çatıb.