Bizi izləyin:
Heydər Əliyev
Multidissiplinar elmi əməkdaşlıq: Azərbaycan və Türkiyə alimlərinin ortaq tədqiqat perspektivləri

Multidissiplinar elmi əməkdaşlıq: Azərbaycan və Türkiyə alimlərinin ortaq tədqiqat perspektivləri

Azərbaycan və Türkiyə alimləri arasında formalaşmış elmi əməkdaşlıq son illərdə daha da dərinləşərək yeni istiqamətlər üzrə inkişaf etməkdədir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycan Tibb Universitetində növbəti görüş keçirilib. Görüşdə tərəflər həm əvvəlki nailiyyətləri xatırlayıb, həm də gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin Biofizika və biokimya kafedrasının müdiri, professor Rövşən Xəlilov qeyd edib ki, bu əməkdaşlığın əsası bir neçə il əvvəl qoyulub və artıq bu müddətdə müxtəlif sahələri əhatə edən 30-dan artıq elmi məqalə hazırlanıb. Bu məqalələrdə Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Milli Onkologiya Mərkəzi və digər elmi qurumların əməkdaşları fəal iştirak ediblər. Hazırda isə bir neçə yeni məqalə üzərində işlər davam etdirilir və onların beynəlxalq nüfuzlu jurnallarda çap olunması planlaşdırılır.

Xüsusi vurğulanıb ki, əməkdaşlıq yalnız klassik tibbi yanaşmalarla məhdudlaşmır. Burada biofizika, biokimya, psixologiya, analitik kimya və riyaziyyat kimi sahələrin inteqrasiyası əsas prioritetlərdən biridir. Bu multidissiplinar yanaşma mürəkkəb bioloji və psixoloji proseslərin daha dərindən anlaşılmasına imkan yaradır.

Türkiyənin Ege Universitetinin biokimya kafedrasının dosenti Aziz Eftekhari müasir elmdə “omiks” texnologiyaları – genomika, proteomika, metabolomika və digər istiqamətlərin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu metodlar vasitəsilə insan orqanizmində baş verən prosesləri sistemli şəkildə öyrənmək, xəstəliklərin yaranma mexanizmlərini daha dəqiq müəyyənləşdirmək mümkündür. Bununla yanaşı, nanotibb sahəsində əldə olunan yeniliklər diaqnostika və müalicə üsullarının daha effektiv və təhlükəsiz tətbiqini asanlaşdırır.

Görüşdə pilotlar üzərində aparılan tədqiqatlar da xüsusi diqqət çəkib. Bildirilib ki, aviasiya sahəsində baş verən hadisələrin böyük bir hissəsi insan amili ilə bağlıdır və burada psixoloji faktorlar mühüm rol oynayır. Alimlər vurğulayıblar ki, stres, hormonal dəyişikliklər və sinir sistemində baş verən proseslər mikro və nano səviyyədə öyrənilməli, bu sahədə yeni yanaşmalar tətbiq olunmalıdır. Həmçinin, Akademik Arif Paşayevin fikirlərinə istinad edilərək, bu elmi istiqamətin aktuallığı və onun dərindən tədqiq olunmasının vacibliyi vurğulanmışdır. Bu tədqiqatların nəticələri yalnız pilotlar üçün deyil, ümumilikdə cəmiyyətin müxtəlif qrupları üçün də əhəmiyyətli ola bilər.

Qarşılıqlı elmi əməkdaşlıq istiqamətində fəallıq göstərən alimlərlə görüşdən məmnunluğunu bildirən rektor, professor Gəray Gəraybəyli bu sahədə planların gələcəkdə daha da genişlənəcəyini vurğulayıb. İxtisasca psixiatr olduğunu xatırladan rektor, psixiatriya sahəsində mövcud problemlərə də toxunub. Qeyd edib ki, bir çox psixi xəstəliklərin, məsələn, şizofreniya və depressiyanın hələ də konkret bioloji markerləri müəyyən edilməyib. Bu səbəbdən diaqnostika əsasən klinik müşahidələrə əsaslanır və bu da müəyyən çətinliklər yaradır. Bildirilib ki, gün ərzində belə insanın psixoloji vəziyyəti dəyişə bilər və bu dəyişkənlik diaqnostikanı daha da mürəkkəbləşdirir. Bu baxımdan yeni biomarkerların aşkarlanması və obyektiv diaqnostik metodların hazırlanması mühüm vəzifə kimi qarşıya qoyulub.

Alimlər analitik kimyanın bu prosesdə mühüm rol oynadığını qeyd ediblər. Müasir cihazlar – yüksək təzyiqli maye xromatoqrafiyası, qaz xromatoqrafiyası, kütlə spektrometriyası və digər texnologiyalar vasitəsilə insan orqanizmində çox kiçik miqdarda olan maddələri belə müəyyən etmək mümkündür. Bu üsullar sayəsində dopamin, serotonin kimi neyromediatorların qeyri-invaziv yollarla, məsələn, nəfəs analizi vasitəsilə aşkarlanması istiqamətində tədqiqatlar aparılır.

Bununla yanaşı, genetik faktorlar, ətraf mühit təsirləri və sosial amillərin insan sağlamlığına təsiri də geniş şəkildə müzakirə olunub. Qeyd edilib ki, bu faktorların kompleks şəkildə öyrənilməsi gələcəkdə fərdiləşdirilmiş tibbin inkişafına gətirib çıxara bilər.

Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərinə də toxunulub. Xüsusilə Türkiyənin Ege Universiteti ilə əməkdaşlığın daha da gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcəkdə ortaq elmi platformanın yaradılması təklif olunub. Bildirilib ki, ilkin mərhələdə konkret layihələr üzərində işləmək daha məqsədəuyğundur və uğurlu nəticələr əldə edildikdən sonra bu fəaliyyət daha geniş institusional çərçivəyə keçirilə bilər.

Həmçinin Avropa və Amerika elmi mərkəzləri ilə əlaqələrin qurulması, beynəlxalq qrant proqramlarında iştirak və multidissiplinar layihələrin hazırlanması da əsas prioritetlərdən biri kimi qeyd edilib.

Sonda vurğulanıb ki, bu cür əməkdaşlıqlar yalnız elmi nəticələr baxımından deyil, həm də gənc tədqiqatçıların yetişməsi, təcrübə mübadiləsi və innovativ ideyaların inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə alimlərinin birgə fəaliyyəti gələcəkdə daha genişmiqyaslı layihələrin həyata keçirilməsinə və elmin inkişafına mühüm töhfə verəcək.

Görüşdə Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev və Normal fiziologiya kafedrasının baş müəllimi Pərvin Zülfüqarova iştirak ediblər.

 

 

Paylaş

Dostlarınız ilə paylaşın.