Bizi izləyin:
Heydər Əliyev
Azərbaycan Tibb Universitetində şəhid ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində şəhid ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) çalışan şəhid ailə üzvləri ilə görüş təşkil olunub

 Tədbir rektoratlığın, Həmkarlar İttifaqı Komitəsinin (HİK) və Respublika Qızıl Aypara Cəmiyyətinin ATU üzrə şöbəsinin təşəbbüsü ilə baş tutub.

Görüşdə çıxış edən ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov şəhid ailə üzvlərini qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edib. O, universitetin rektoru, professor Gəray Gəraybəylinin adından da xoş arzularını çatdırıb. C.Qasımov bildirib ki, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində iştirak edənlərin bir çoxunun yaxınları şəhidlik zirvəsinə ucalıb.

“Bəzilərimizə torpaqlarımızın işğaldan azad olunması bir zamanlar əlçatmaz görünürdü. Lakin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində Qarabağımız işğaldan tam azad edildi. Bu gün hər birimiz qürur hissi ilə başımızı dik tuturuq”, – deyə o vurğulayıb.

Sədr həmçinin şəhid ailə üzvlərinin qayğıları ilə maraqlanıb, onların problemlərinin diqqətdə saxlanıldığını qeyd edib.

Daha sonra Respublika Qızıl Aypara Cəmiyyətinin ATU üzrə sədri, professor Hüseyn Abıyev çıxış edərək şəhid ailələrini bayramlar münasibətilə təbrik edib, ölkədə daim sülh və əmin-amanlığın bərqərar olmasını arzulayıb.

Tədbirin sonunda şəhid ailə üzvlərinə müxtəlif hədiyyələr və mükafat təqdim olunub.

 

Paylaş

Dostlarınız ilə paylaşın.