

Azərbaycan Tibb Universitetinin (ATU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı və “İŞIQ” Yardım Təşkilatının iştirakı ilə müqəddəs Ramazan və əziz Novruz bayramları münasibətilə “Ümid Yeri” Uşaq Evində ziyarət proqramı təşkil olunub.
Sosial layihə çərçivəsində universitet tələbələri uşaqlarla bir araya gələrək onlar üçün şən və maraqlı proqram hazırlayıblar. Tədbir zamanı uşaqlar üçün bayram süfrəsi təşkil edilib, birlikdə film izlənilib, müxtəlif əyləncəli oyunlar keçirilib və sevinc dolu anlar paylaşılıb.
Təşkilatçılar bildiriblər ki, həyata keçirilən bu cür sosial fəaliyyətlərin əsas məqsədi yalnız maddi yardım göstərmək deyil, eyni zamanda uşaqlara sevgi, diqqət və qayğı bəxş etməkdir.
“İŞIQ” Yardım Təşkilatı nümayəndələri gələcəkdə də bu kimi layihələrin davam etdiriləcəyini və daha geniş miqyasda sosial təşəbbüslərin həyata keçiriləcəyini vurğulayıblar.
