
Optimal qidalanma "çox yemək" deyil, orqanizmin spesifik ehtiyaclarını qarşılamaqdır.
Son zamanlar valideynləri ən çox narahat edən məsələlərdən biri uşaqların boy inkişafının yaş normalarına uyğun olmamasıdır. Hər bir valideyn övladının sağlam və fiziki cəhətdən normal inkişaf etməsini arzulayır. Lakin boy artımının həmyaşıdlarından geri qalması ailələrdə ciddi narahatlıq yaradır. Bir çoxları boy inkişafını yalnız genetika ilə əlaqələndirsə də, əslində bu proses bir çox daxili və xarici amillərin mürəkkəb kombinasiyasından asılıdır. Bəs, uşaqların boy artımına mane olan amillər hansılardır?
Boy artımına təsir edən amillər arasında düzgün qidalanma əsas yer tutur. Orqanizmin böyüməsi qidaların tərkibindəki komponentlərin lazımi miqdarda qəbulundan birbaşa asılıdır. Qidaların balanslı şəkildə qəbul edilməməsi fizioloji proseslərin pozulmasına, inkişafın ləngiməsinə və müxtəlif patologiyaların yaranmasına səbəb olur.
İnkişafı ləngidən amillərdən biri də hüceyrələrin yenilənməsi və böyüməsi üçün vacib makronutrientlərdən olan zülalların (ət, süd, yumurta, paxlalılar) qidada kifayət qədər olmamasıdır. Xüsusilə D vitamini, kalsium və sink çatışmamazlığı sümüklərin formalaşmasına və uzanmasına mənfi təsir göstərir.
Boy artımı üçün optimal qidalanma "çox yemək" deyil, yaş dövrlərinə uyğun spesifik ehtiyacları qarşılamaqdan ibarətdir. Müxtəlif yaş qruplarında sümük və əzələ toxumasının tələb etdiyi maddələr bir-birindən fərqlənir. Sağlam yağlar, minerallar, kalsium, fosfor, keyfiyyətli zülal, Omega-3 yağ turşuları və D vitamini (xüsusilə qış aylarında) inkişafın əsas sütunlarıdır. Bu maddələrlə zəngin olan süd məhsulları, yumurta, balıq, qırmızı ət həmçinin çərəzlərin (qoz, badam) gündəlik menyuda yaşa uyğun miqdarda yer alması mühüm əhəmiyyət kəsb edir. Həddindən artıq şəkər, qazlı və enerji içkiləri, duz, fast-fud və konservləşdirilmiş qidalar isə boy artımına mənfi təsir göstərir.
Qeyd etmək lazımdır ki, qeyri-səmərəli qidalanma təkcə inkişafı ləngitmir, həm də piylənmə, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini artırır.
Qidalanma ilə yanaşı, həyat tərzi də boy inkişafında həlledici rol oynayır. Yuxu rejimi bu amillər arasında əsas yer tutur. Belə ki, yuxusuzluq bədənin bərpa prosesini pozur və böyüməni ləngidir.
Müasir dövrün ən böyük problemlərindən olan texnologiya asılılığı və hərəkətsizlik də uşaqların boy artımına mane olan amillərdəndir. Günboyu ekran qarşısında vaxt keçirmək əvəzinə qaçmaq, tullanmaq, üzmək və ya basketbol kimi idman növləri ilə məşğul olmaq sümüklərin inkişafını stimullaşdırır.
Dayaq-hərəkət aparatının formalaşmasına mənfi təsir edən əsas göstəricilərdən biri düzgün oturmamaqdır. Davamlı olaraq planşet və telefona baxmaq, habelə ağır məktəb çantalarını daşımaq onurğanın əyilməsinə səbəb olur (məsələn skolioz və s.). Bu da uşağın real boy artımının qarşısını alır və ya olduğundan daha qısa görünməsinə səbəb olur.
İnkişafın ləngiməsinə səbəb olan amillər sırasında hormonal pozuntular və xroniki xəstəliklər, həzm sistemi problemləri və bağırsaq mikroflorasının pozulması (qidaların mənimsənilməməsi), eləcə də psixoloji gərginlik və stress də yer alır.
Hər hansı səbəbdən övladınızın boy inkişafında problem müşahidə edirsinizsə, mütləq pediatr və endokrinoloqla məsləhətləşməli, profilaktik tədbirlər görməlisiniz. Unutmayın ki, sağlam qidalanma, aktiv həyat tərzi, düzgün yuxu rejimi və sevgi dolu bir mühit uşağınızın hərtərəfli inkişafının təminatıdır.
Avaxanım Vəlibəyova,
Qidalanma və tibbi ekologiya kafedrasının baş müəllimi