

Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, t.ü.e.d. Zəfər Əliyev və nevrologiya kafedrasının assistenti, t.ü.f.d. Sona Əliyeva 28-31 mart 2026-cı il tarixlərində Çexiya Respublikasının Praqa şəhərində keçirilən 34-cü Avropa Psixiatriya Konqresi (EPA) çərçivəsində elmi təqdimatla çıxış etmişlər. Alimlər tərəfindən təqdim olunan “Yetkinlərdə depressiya və baş ağrısının xüsusiyyətləri arasındakı əlaqə” mövzusunda məruzə konqres iştirakçıları tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında geniş elmi müzakirələr aparılmışdır.
Qeyd edilməlidir ki, 34-cü Avropa Psixiatriya Konqresi (EPA) psixiatriya sahəsində dünyanın müxtəlif ölkələrindən alim və tədqiqatçıları bir araya gətirən, elmi yeniliklərin və qabaqcıl təcrübələrin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq elmi tədbirlərdən biri hesab olunur. Sözügedən konqres müasir psixiatriyanın aktual problemlərinin elmi müstəvidə müzakirəsi, yeni diaqnostik və terapevtik yanaşmaların təqdimatı, eləcə də qlobal səviyyədə elmi əməkdaşlığın inkişafı baxımından mühüm elmi platforma kimi xarakterizə olunur.
