
Boyun yırtığı sürətlə artır — Neyrocərrahdan xəbərdarlıq
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının (TCK) Neyrocərrahiyyə şöbəsində boyun fəqərələri arası disk yırtığı diaqnozu ilə müraciət edən xəstə üzərində uğurlu cərrahi əməliyyat həyata keçirilib.
Klinikanın neyrocərrahiyyə şöbəsinin müdiri, dosent Cəmil İskəndərovun sözlərinə görə, xəstə dözülməz ağrı sindromu ilə müraciət edib. Ona güclü ağrıkəsicilər tətbiq olunmasına baxmayaraq, ağrılar azalmayıb. Aparılan müayinələr nəticəsində ağrının səbəbinin boyunun 6-cı və 7-ci fəqərələri arasında yerləşən disk yırtığı olduğu müəyyən edilib.
Qeyd olunub ki, xəstədə boyun nahiyəsində yaranan güclü ağrılar tədricən qola yayılıb, qolda keylik və gücsüzlük müşahidə olunub. Xəstə təcili əməliyyata hazırlanaraq cərrahi müdaxilə olunub. Təxminən 1 saat davam edən əməliyyat uğurla başa çatıb. Diaqnoz MRT müayinəsi əsasında təsdiqlənib.
Həkim bildirib ki, son illərdə boyun yırtığı hallarında ciddi artım müşahidə olunur. Bunun əsas səbəbləri arasında uzun müddət kompüter və mobil telefonlardan düzgün olmayan vəziyyətdə istifadə, boyun nahiyəsinin həddindən artıq yüklənməsi göstərilir.
Dosent Cəmil İskəndərovun sözlərinə görə, həyata keçirilən bu tip əməliyyatlardan sonra fəsad halları onların praktikasında müşahidə olunmayıb.
