
ATU-nun Rezidentura və magistratura şöbəsi və universitetin Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin birgə təşkilatçılığı ilə rezidentlər üçün “Uşaqlarda pnevmoniya: diaqnostika və müalicə yanaşmaları” mövzusunda seminar keçirilib.
Tədbiri Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov açaraq bildirib ki, pnevmoniya bu gün də bütün dünyada, xüsusilə pediatrik yaş qrupunda xəstələnmə və ölümün əsas səbəblərindən biri olaraq qalır və aktual tibbi problemlər sırasında xüsusi yer tutur.
O, pnevmoniyaya uşaqlarda tez-tez rast gəlinməsinin əsasən immun sistemin yetkinləşməməsi ilə əlaqədar olduğu, diaqnostik müayinələr çərçivəsində bəlğəmin mikrobioloji analizinin mühüm yer tutduğunu bildirib: “Bəlğəmin əkilməsi törədici mikrofloranın müəyyən edilməsinə və məqsədyönlü antibiotik terapiyasının seçilməsinə imkan verir”.
Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri, assistent Qoşqar İsmayılov çıxış edərək bildirib ki, pnevmoniya ağciyər parenximasının infeksion mənşəli iltihabı olub, əsasən bakterial, viral və atipik etiologiyaya malikdir: “Uşaqlarda pnevmoniyanın klinik gedişi yaşdan asılı olaraq dəyişir və erkən diaqnostika böyük əhəmiyyət daşıyır. Pnevmoniyanın əsas klinik əlamətlərinə qızdırma, öskürək, taxipnoe və tənəffüs çatışmazlığı daxildir. Xüsusilə taxipnoe uşaqlarda pnevmoniyanın ən erkən və etibarlı göstəricilərindən biri hesab olunur. Pnevmoniyanın diaqnozu ilk növbədə klinik əlamətlərə əsaslansa da, auskultativ dəyişikliklər, rentgen müayinəsi və laborator göstəricilər diaqnozun dəqiqləşdirilməsində mühüm rol oynayır”.
Daha sonra adıçəkilən şöbənin birinci kurs rezidenti Aytən Muradova-Məmmədli uşaqlarda pnevmoniyaya klinik yanaşma ilə bağlı təqdimatla çıxış edib. O bildirib ki, gündəlik pediatrik praktikada pnevmoniyanın düzgün qiymətləndirilməsi üçün ilk növbədə xəstənin klinik vəziyyətinə əsaslanmaq vacibdir. Xüsusilə taxipnoe, döş qəfəsinin çəkilməsi, saturasiyanın azalması və ümumi vəziyyətin dəyişməsi kimi əlamətlər xəstəliyin ağırlıq dərəcəsini müəyyən etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Çıxışında pnevmoniyanın viral və bakterial formalarının fərqləndirilməsinin müalicə seçimində əsas rol oynadığını söyləyən rezident qeyd edib ki, viral pnevmoniyalar daha çox yüngül gedişli olub, əsasən simptomatik müalicə tələb etdiyi halda, bakterial pnevmoniyalarda antibiotik terapiyası əsas yer tutur.
Onun sözlərinə görə, pnevmoniyanın digər tənəffüs yolu xəstəliklərindən differensiasiyası praktikada xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bronxit, bronxiolit və bronxial astma ilə klinik differensiasiyanın aparılması düzgün diaqnozun qoyulmasında əsas rol oynayır.
Seminar çərçivəsində pnevmoniyanın mümkün ağırlaşmaları - plevrit, empiyema, sepsis və tənəffüs çatışmazlığı barədə də ətraflı məlumat verilib. Son illərdə pnevmoniyanın etiologiyasında və klinik gedişində müəyyən dəyişikliklərin müşahidə olunduğu, bu baxımdan həkimlərdən daha diqqətli, fərdi və sübuta əsaslanan yanaşma tələb edildiyi, bu baxımdan mövzunun rezidentlər üçün həm nəzəri, həm də praktik əhəmiyyət daşıdığı bildirilib.
Qeyd olunub ki, diaqnostik yanaşmada klinik tapıntılar əsas götürülməli, laborator və instrumental müayinələr əlavə dəstək kimi istifadə olunmalıdır. Bakterial hallarda antibiotik terapiyası, viral hallarda isə simptomatik və dəstəkləyici müalicə aparılır. Oksigen terapiyası, adekvat hidrasiya və dinamik müşahidə müalicənin vacib komponentlərindəndir. Pnevmoniya zamanı hospitalizasiya ağır klinik hallar, tənəffüs çatışmazlığı, dehidratasiya və ambulator müalicəyə cavabın olmaması zamanı tövsiyə olunur.
İştirakçılar tərəfindən maraqla qarşılanan və diskussiya şəraitində keçən seminarda klinikanın baş həkimi Fəridə Hacıyeva və klinika üzrə rezidentlərə məsul şəxs Arzu Bağırova da iştirak ediblər.