Bizi izləyin:
Heydər Əliyev
Stomatologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Stomatologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

Aprelin 8-də Stomatologiya fakültəsi Tələbə Elmi Cəmiyyətinin 51-ci konfransı keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Konfransı giriş sözü ilə Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan açıb. O, çıxışında universitetdə keçirilən elmi tədbirlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, bu cür konfranslar yalnız lokal deyil, respublika və beynəlxalq səviyyədə də mühüm rol oynayır. Professor vurğulayıb ki, əsas məqsəd həm klinik, həm də elmi sahədə yüksək potensiala malik kadrların hazırlanmasına töhfə verməkdir. Onun sözlərinə görə, tələbələrin elmi fəaliyyətə cəlb olunması prioritet istiqamətlərdən biridir və son illərdə stomatologiya fakültəsində bu sahədə ciddi irəliləyiş müşahidə olunur.

Daha sonra Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov çıxış edərək elmi və praktik fəaliyyətin vəhdətinin vacibliyini qeyd edib. Bildirib ki, elm düzgün istifadə edildikdə, güclü bir vasitəyə çevrilir və hər bir mütəxəssisin uğurunda mühüm rol oynayır. Çıxışda tələbələrin mərhələli inkişafı, xüsusilə yuxarı kurslarda formalaşan praktik bacarıqlar və elmi yanaşmanın əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirdə Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyeva da çıxış edərək konfransın tələbələrin inkişafında mühüm rol oynadığını bildirib. Qeyd edib ki, belə elmi platformalar tələbələrin həm nəzəri, həm də praktik hazırlığını gücləndirir, onların peşəkar formalaşmasına ciddi təsir göstərir. Dekan tələbələri bu imkanlardan maksimum yararlanmağa çağırıb və vurğulayıb ki, əsas məqsəd yalnız mükafat qazanmaq deyil, bilik və təcrübə toplamaqdır.

TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova çıxışında konfransın maarifləndirici xarakter daşıdığını diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd tələbələrin elmi mühitə inteqrasiyası, onların tədqiqat və analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsidir. Həmçinin qeyd olunub ki, son dövrlərdə TEC-də aparılan islahatlar və yeni əsasnamənin qəbulu fəaliyyətin daha səmərəli təşkilinə xidmət edir.

Fakültə TEC-in elmi rəhbəri Aybəniz Qadaşova isə tədbirin artıq ənənəvi xarakter aldığını və stomatologiya sahəsində elmi fəaliyyətin təşviqində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, seçim mərhələsindən keçən 22 tələbə öz elmi işlərini təqdim etmək imkanı qazanıb. A.Qadaşova vurğulayıb ki, təqdim olunan tədqiqatlar stomatologiyanın müxtəlif istiqamətlərini əhatə edir və praktik problemlərin həllinə yönəlib.

Fakültə TEC-in sədri Rəvanə Mikayılovanın çıxışından sonra konfrans öz işini tələbələrin məruzələrinin dinlənilməsi ilə davam etdirib.

Paylaş

Dostlarınız ilə paylaşın.