
Azərbaycan Tibb Universitetində (ATU) “Korrupsiyaya qarşı mübarizənin hüquqi və mənəvi əsasları” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov açaraq bildirib ki, müasir dövrdə həkimlik fəaliyyətində yalnız peşəkar biliklər deyil, eyni zamanda, yeni yanaşmaların və müasir düşüncə tərzinin mənimsənilməsi də mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, gənc mütəxəssislərin gələcək fəaliyyətlərini düzgün qurması, peşəkar inkişaflarını təmin etməsi və cəmiyyətdə layiqli mövqe tutması üçün bu kimi maarifləndirici tədbirlər xüsusi rol oynayır.
Daha sonra İctimai fənlər kafedrasının dosenti Elbrus Sadıqov çıxış edərək bildirib ki, hazırda ölkəmizdə korrupsiyaya qarşı mübarizə ardıcıl və sistemli şəkildə aparılır. Lakin bu prosesdə təkcə hüquqi tədbirlər kifayət etmir, əsas istiqamət maarifləndirmə, geniş dünyagörüşün formalaşdırılması və savadlı, məlumatlı gənclərin yetişdirilməsidir. Bu baxımdan tələbələrin düzgün istiqamətdə hazırlanması xüsusi önəm daşıyır.
O vurğulayıb ki, gənclərin motivasiya olunması onların gələcəkdə bu kimi neqativ hallardan uzaq durmasına və belə proseslərin iştirakçısına çevrilməməsinə kömək edir. Bu yanaşma yalnız universitet mühiti ilə məhdudlaşmamalı, gələcək peşə fəaliyyətində də davam etməlidir. Çünki gələcəkdə həkim kimi fəaliyyət göstərəcək gənclər müxtəlif peşə və həyat situasiyaları ilə qarşılaşacaqlar və bu hallarda düzgün qərar vermək üçün həm peşəkar bilik, həm də etik və hüquqi hazırlıq vacibdir.
E.Sadıqov əlavə edib ki, korrupsiya yalnız hüquqi problem deyil, eyni zamanda sosial ədaləti sarsıdan, dövlətə etimadı azaldan, idarəetmənin keyfiyyətinə və iqtisadi inkişafa mənfi təsir göstərən ciddi bir təhlükədir. Bu səbəbdən ona qarşı mübarizə kompleks yanaşma tələb edir və yalnız cəza mexanizmləri ilə məhdudlaşmamalıdır. Şəffaflıq, hesabatlılıq, etik davranış və ictimai nəzarətin gücləndirilməsi bu mübarizənin əsas istiqamətlərindəndir.
Çıxışda həmçinin korrupsiyanın yalnız rüşvət halları ilə məhdudlaşmayaraq vəzifədən sui-istifadə, maraqlar toqquşması və digər oxşar neqativ halları da əhatə etdiyi vurğulanıb və bu kimi halların cəmiyyətdə norma kimi qəbul olunmasının ciddi sosial problemlərə yol aça biləcəyi qeyd edilib. Eyni zamanda bildirilib ki, korrupsiyanın təsiri xüsusilə təhsil və səhiyyə sahələrində daha kəskin şəkildə özünü göstərir: təhsildə obyektivliyin pozulması gələcək insan kapitalının formalaşmasına mənfi təsir edir, səhiyyə sahəsində isə bu hal birbaşa insan sağlamlığı və həyatına ciddi risk yaradır.
Sonda məruzəçi tələbələrə müraciət edərək gələcəyin həkimləri kimi fəaliyyətlərində dürüstlük, şəffaflıq və etik prinsiplərə sadiq qalmağın vacibliyini vurğulayıb və bu dəyərlərin qorunmasının cəmiyyət üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbir tələbələri maraqlandıran sualların ətraflı cavablandırılması ilə yekunlaşıb.