
Azərbaycan Tibb Universitetinin (ATU) Rezidentura və Magistratura şöbəsi və Tədris Cərrahiyyə Klinikasının Klinik-Diaqnostik Laboratoriya şöbəsinin birgə təşkilatçılığı ilə klinikada rezidentlər üçün “Brusellyoz: Müasir diaqnostikası və klinik yanaşma” mövzusunda seminar təşkil edilib.
Seminarın moderatoru, professor Davud Pənahov brusellyozun region üçün aktual zoonoz infeksiya olduğunu, xəstəliyin erkən diaqnostikası və düzgün klinik yanaşmanın ağırlaşmaların qarşısının alınmasında mühüm rol oynadığını qeyd edib. O, həmçinin klinik və laborator yanaşmanın birgə tətbiqinin diaqnostik dəqiqliyin artırılmasında xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov Klinik-Diaqnostik Laboratoriya şöbəsinin xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməklə yanaşı, universitetdə yüksək ixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələri vurğulayıb.
Laboratoriya şöbəsinin müdiri Leyla Həşimova brusellyozun laborator diaqnostikasında müasir yanaşmalar haqda məlumat verib, laborator göstəricilərin xəstəliyin mərhələsinin müəyyən edilməsində rolunu izah edib.
Seminarda Klinik-Diaqnostik Laboratoriya şöbəsinin II kurs tibbi mikrobiologiya üzrə həkim-rezidenti Afət Aşırova məruzə ilə çıxış edib. Məruzəçi brusellyozun kəskin, yarımkəskin və xroniki formaları, həmçinin klinik əlamətlərinin müxtəlif və qeyri-spesifik olması səbəbindən diaqnostik çətinliklər yarada biləcəyini vurğulayıb.
Seminarda müxtəlif ixtisaslar üzrə rezident həkimlər, digər ixtisaslardan olan həkimlər və Laboratoriya şöbəsinin əməkdaşları iştirak ediblər.
Sonda mövzu ətrafında suallar cavablandırılıb və geniş müzakirələr aparılıb.