
Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsində “Ətraf mühit sağlamlığı və davamlı inkişaf naminə elm” mövzusuna həsr olunmuş 49-cu Tələbə Elmi Cəmiyyəti konfransı keçirilib.
Tədbirdə çıxış edən Elmi işlər üzrə prorektor, professor Məlahət Sultan konfransın mövzusunu müasir dövrün prioritet istiqamətlərindən biri kimi qiymətləndirib. Prorektor bu il 100-dən artıq elmi işin təqdim olunmasını tələbələrin və onların elmi rəhbərlərinin böyük əməyinin nəticəsi kimi dəyərləndirib.
Professor, həmçinin tələbələrin elmi fəaliyyətinin universitetdə xüsusi dəstək gördüyünü vurğulayıb və onları daha geniş elmi axtarışlara təşviq edib: “Qürurla qeyd etmək istəyirəm ki, ötən il universitetimizin 50-dən çox tələbəsi beynəlxalq elmi konfranslarda həm fərdi, həm də komanda şəklində çıxış edərək yüksək nəticələr əldə edib. Bu həm universitetimiz, həm də tələbələrimiz üçün böyük uğurdur və bizi sevindirir”.
Tərbiyə işləri üzrə prorektor, dosent Mahir Səfərov isə fakültənin elmi inkişafından bəhs edərək tələbələrin fəallığını yüksək qiymətləndirib. Prorektor gənclərin elmi tədbirlərdə iştirakının onların gələcək peşəkar kimi formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, çıxışında tələbələrin hər birinin zəhmətinin obyektiv şəkildə qiymətləndiriləcəyinə və bu prosesdə ədalətin əsas prinsip olacağına əminliyini də vurğulayıb.
Dekan, dosent Qalina Qəniyeva ictimai səhiyyənin cəmiyyətin rifahı və sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını deyib. O, konfrans çərçivəsində təqdim olunan tədqiqatların aktual problemlərin həllinə elmi töhfə verəcəyinə inandığını qeyd edərək tələbələrə uğurlar arzulayıb.
Dekan, həmçinin konfransın beynəlxalq iştirakçılıqla keçirilməsini yüksək qiymətləndirib və bu il S.D.Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universiteti tələbələrinin də onlayn formatda qoşulacağını bildirib.
Fakültə Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Fərəh Baxışlı isə konfransın beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilməsinin elmi mübadiləyə geniş imkanlar yaratdığını vurğulayıb. O, konfransda müxtəlif mövzularda təqdimatların olacağını, iştirakçıların hamısının mükafatlandırılacağını qeyd edib.
Daha sonra fakültə TEC-in sədri Nigar Babayeva çıxış edərək konfransın tələbələrin elmi inkişafında mühüm rol oynadığını bildirib.
Konfrans tələbələrin elmi məruzələrinin təqdimatı ilə işini davam etdirib.