
Son dövrlərdə qripəbənzər simptomlarla müşayiət olunan respirator infeksiyaların artması fonunda Respirator Sinsitial Virus infeksiyası (RSV) yenidən klinik və ictimai sağlamlıq baxımından aktual mövzuya çevrilib.
Mütəxəssislərin müşahidələrinə əsasən, RSV çox vaxt ilkin mərhələdə qeyri-spesifik simptomlarla - yəni yuxarı tənəffüs yollarının yüngül zədələnməsi ilə başladığından, xəstələr tərəfindən əhəmiyyətli hesab edilmir. Bu isə gecikmiş diaqnostika və nəticə etibarilə ağırlaşmaların artmasına səbəb ola bilər. RSV infeksiyası, əsasən burun axıntısı, öskürək, halsızlıq və bədən hərarətinin yüksəlməsi ilə özünü göstərir. Lakin xəstəlik irəlilədikcə aşağı tənəffüs yollarına yayılaraq bronxiolit və pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Xüsusilə körpələrdə nəfəs darlığı, sürətli tənəffüs və qidalanma çətinliyi kimi əlamətlər müşahidə oluna bilər.
Adətən bir çox insan RSV-yə yoluxduğunu fərq etmir. Bu isə erkən tibbi müdaxilənin gecikməsinə səbəb olur. Nəticədə xəstəlik daha ağır klinik gediş alaraq, xüsusilə 0-2 yaş arası uşaqlar və yaşlı insanlar üçün ciddi təhlükəyə çevrilir. Virus əsasən damcı yolu ilə – öskürək, asqıraq və yaxın təmas nəticəsində yayılır. Eyni zamanda, virusun müxtəlif səthlərdə uzun müddət aktiv qala bilməsi yoluxma riskini artırır. Yoluxmuş şəxslərdə əlamətlər adətən 4-6 gün ərzində meydana çıxır, yoluxduruculuq isə orta hesabla 10-11 gün davam edir. Risk qrupuna vaxtından əvvəl doğulan (prematür) körpələr, immun sistemi zəif olan şəxslər, ürək xəstəliyi olan uşaqlar, eləcə də orqan transplantasiyası keçirmiş pasiyentlər daxildir. Bu kateqoriyaya aid olan şəxslərdə RSV infeksiyası daha ağır və uzunmüddətli keçə bilər.
RSV qrip və digər respirator infeksiyalarla tez-tez qarışdırıldığı üçün, əlamətlər müşahidə edildiyi anda vaxt itirmədən həkimə müraciət olunmalıdır. Erkən diaqnoz və düzgün müalicə ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.
Vüsal Kərimov,
Tibb və sağlamlıq elmləri təhsili kafedrasının assistenti