Tədbirdə giriş sözü ilə çıxış edən Klinikanın direktoru, professor Surxay Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən “2016-2020-ci illər üçün Şəkərli Diabet xəstəliyi üzrə Dövlət Proqramı” qəbul edilib. Bu sənədə uyğun olaraq, Tədris Terapevtik Klinikada da diabet xəstəliyi ilə əlaqədar olaraq fəaliyyət proqramı hazırlanıb:
“Nazirliyin əmrinə əsasən hazırlanan bu proqramı Klinikamızda da müvafiq şöbələrə paylamışıq və həkimlərimiz bundan məlumatlıdırlar” .
Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin vitse-prezidenti Babək Saleh şəkərli diabetin yayılma statistikası haqqında məlumat verdi. Oonun sözlərinə görə, 2014-cü ildə şəkərli diabet xəstələrinin sayı 18 yaşından yuxarı olan insanlar arasında artıq 9% təşkil edib:
“2012-ci ildə isə bir milyondan çox insan bu xəstəlikdən dünyasını dəyişib. Ümumdünya Səhiyyə Təşkilatının tədqiqatlarına əsasən, 2030-cu ildə şəkərli diabetdən vəfat edənlərin sayına görə bu xəstəlik 7-ci yerdə qərarlaşacaq. Aşağı və orta inkişaf etmiş ölkələrdə şəkərli diabetdən ölən əhali 80% təşkil edir. İnkişaf etmiş ölkələrdə isə bu xəstəliklə mübarizə daha aktiv gedir və nəticədə ölüm faizi aşağı düşür”.
B.Saleh qeyd edib ki, bölgələrdə bu xəstəliklə bağlı maarfləndirməyə ehtiyac var. Çünki əhalidə elementar məlumatlar demək olar yox səviyyəsindədir:
“Onlar düşünürlər ki, insulin müalicəsi ən son məqamda aparılmalıdır. Halbuki, xəstəlik aşkar olunduğu gündən insulinlə müalicə olunmalıdır”.
Respublika Endokrinoloji Mərkəzdə “Diabet pəncəsi otağı”nın fəaliyyət göstərdiyini deyən vitse-prezident bölgələrdə də buna çox böyük ehtiyac olduğunu vurğulayıb:
“Bölgələrdə, xüsusən ucqar rayonlardan elə xəstələrə gətirilir ki, onlar tamamilə ağırlaşmış halda bizə müraciət edirlər. Ona görə də ucqar rayonlarda Diabet Məktəbinin fəaliyyət göstərməsi çox mühümdür. Bunun sayəsində biz xəstələrə nəzarəti gücləndirərik və nəticədə bu fəsadların qarşısı alınar”.
B.Saleh bu sahədə görülən işlər və qəbul edilən sənədlərdən, həmçinin planlardan da söz saldı. Onun sözlərinə görə, bu il dövlət büdcəsində şəkərli diabet xəstəliyi ilə mübarizəyə 40 milyon manat ayrılıb: “Yaxın vaxtlarda bu xəstələrin elektron qeydiyyatı aparılacaq. Belə olduqda, artıq xəstələrin uzaq yerlərdən Bakıya gəlib hər hansı bir arayışı almasına ehtiyac qalmayacaq, bunu elektron qaydada həll edəcəklər”.
B.Saleh qeyd edib ki, çox sürətlə inkişaf etsə də, bu xəstəliyin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi, fiziki hərəkətlərin artırılması, tütün məmulatlarından uzaq durmaq şəkərli diabetin profilaktikasında çox önəmli rol oynayır.
Daha sonra çıxış edən ATU-nun Uşaq Xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova bu xəstəliyin uşaqlar arasında da geniş yayıldığını vurğulayıb. Xəstəliklə mübarizədə valideynləri diqqətli olmağa və zamanında uşaqlarını həkimə göstərmələrini məsləhət edib. Həkim Tədris Terapevtik Klinikada fəaliyyət göstərən “Diabet Məktəbi”nin işindən söz açaraq maarifləndrimə məsələsinin önəmini vurğulayıb.
Sonda konfrans iştirakçıları üçün diabeti erkən aşkar etməyə imkan verən qlukohemoqlobin analizi aparıldı.
Konfransda Klinikanın professor-müəllim heyəti, tələbə və rezidentlər Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin Qeyri-İnfeksion xəstəliklər üzrə proqramının məsləhətçisi İsa Əliyev də iştirak ediblər.