Azərbaycan Tibb Universitetinin (ATU) Ortodontiya kafedrasında ortodontik pasiyentin müayinəsi və tibbi qeydlərin aparılması üçün yeni strukturlaşdırılmış tibbi müayinə forması hazırlanıb.
Forma hazırlanarkən ortodontik sənədləşdirməyə dair yerli və beynəlxalq yanaşmalar təhlil edilib, diaqnostika, müalicə planlaşdırılması və tibbi qeydiyyat üçün zəruri bölmələr müəyyənləşdirilib. Hazırlanmış müayinə forması 13 əsas bölmə və 8 əlavə hissədən ibarətdir. Forma pasiyentin ilkin müayinəsini, dişlərin və dişləm münasibətlərinin qiymətləndirilməsini, rentgenoloji və funksional göstəricilərin qeydiyyatını, həmçinin müalicədən əvvəl və sonra nəticələrin müqayisəli təhlilini sistemli şəkildə aparmağa imkan verir.
Forma ATU-nun Ortodontiya kafedrasında və stomatoloji klinikasında 3 ay müddətində aprobasiyadan keçirilib. Aprobasiya zamanı onun praktik istifadəyə yararlılığı, məlumatların tamlığı və tibbi sənədləşmənin keyfiyyətinə təsiri qiymətləndirilib.
Formanın tətbiqi üzrə hazırlanmış “Ortodontik pasiyentin müayinəsi və tibbi qeydlərin aparılması qaydaları” adlı tədris-metodik vəsait ATU-nun 2 aprel 2026-cı il tarixli iclasında 06 saylı protokolla təsdiq olunub.



