Bizi izləyin:
Heydər Əliyev
“Çiyin-çiyinə tibb naminə” adlı universitetlərarası klinik-praktik olimpiada keçirilib

“Çiyin-çiyinə tibb naminə” adlı universitetlərarası klinik-praktik olimpiada keçirilib

    Azərbaycan Tibb Universiteti (ATU) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının birgə təşkilatçılığı ilə Beynəlxalq Tibb Bacıları Gününə həsr olunmuş “Çiyin-çiyinə tibb naminə” adlı universitetlərarası klinik-praktik olimpiada keçirilib.

    Gələcək həkim və tibb bacılarının klinik bilikləri, praktik bacarıqları və komanda ruhunu inkişaf etdirmək məqsədi daşıyan olimpiadada ATU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Naxçıvan Dövlət Universitetinin tələbələri iştirak ediblər. Olimpiadaya ümumilikdə 7 komanda - “PULSE BREAKERS”, “STARKS”, “NEXUSMED”, “CODE BLUE”, “MEDSTORM”, “VİRTUS” və “VİTALS” qatılıb.

    Tədbirin açılış mərasimində çıxış edən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Anar Ağayev olimpiadanın təşkilinin Beynəlxalq Tibb Bacıları Gününə təsadüf etməsini bu sahədə çalışanların əməyinə verilən yüksək dəyər kimi qiymətləndirib. Universitetdə tələbələrin peşəkar inkişafına daim xüsusi diqqət ayrıldığını da vurğulayan prorektor bu cür tədbirlərin gələcək tibb mütəxəssislərinin yetişməsində mühüm rol oynadığını bildirib və iştirakçılara uğurlar arzulayıb.

   Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-tərbiyə işləri üzrə rektor müavini Nurana Quliyeva da çıxışında qeyd edib ki, müasir səhiyyə sistemində keyfiyyətli tibbi xidmətin əsas şərtlərindən biri həkim və tibb bacılarının komanda şəklində fəaliyyət göstərməsidir. Beynəlxalq Tibb Bacıları Günü münasibətilə təbriklərini də dilə gətirən N.Quliyeva olimpiadanın iştirakçılar üçün dəyərli təcrübə olacağına inandığını qeyd edib.

    Çıxışlardan sonra olimpiadaya start verilib. Üç mərhələdən ibarət tədbirin ilk mərhələsində iştirakçılar onlayn test üsulu ilə qiymətləndirilib və yüksək nəticə göstərən tələbələrdən komandalar formalaşdırılıb.

    İkinci mərhələ “Kapitanlar müsabiqəsi” adı altında keçirilib və ümumilikdə 100 bal üzərindən qiymətləndirilib. Bu mərhələ da üç hissədən ibarət olub: “Zəka döyüşü” Kahoot mərhələsi (50 bal), “Tibbin sirli sualları” mərhələsi (30 bal) və “Vizit kart” təqdimatı (20 bal). Bu hissələrdə iştirakçıların sürətli düşünmə, operativ qərarvermə, tibbi məntiq, yaradıcılıq və təqdimat bacarıqları yoxlanılıb.

   Üçüncü mərhələ praktik hissə - OSKİ tipli imtahandan ibarət olub. Bu mərhələdə iştirakçıların klinik təfəkkürü, praktik bacarıqları və qərarvermə qabiliyyətləri qiymətləndirilib.

   Olimpiadanın nəticələrinə görə,  “VİTALS” komandası I, “MEDSTORM” komandası II, “VİRTUS” komandası isə III yerə layiq görülüb. Qalib komandalara diplom və pul mükafatları ilə təqdim edilib. İlk yerin qalibi 3600 manat, II yerin qalibi 2400 manat, III yerin qalibi isə 1200 manat mükafat qazanıb.

 

Paylaş

Dostlarınız ilə paylaşın.