İclası giriş sözü ilə açan Klinikanın direktoru, professor Surxay Musayev son günlər cəbhədə baş verən hadisələrdən danışıb.
O bildirib ki, əsgərlərimiz ordumuzun, ölkəmizin nəyə qadir olduğunu bir daha ermənilərə sübut etdi:
“Onların göstərdiyi şücaət nəticəsində strateji əhəmiyyətli yüksəkliklərimiz geri qaytarıldı. Azərbaycan xalqında, gənclərdə hələ indiyə qədər belə ruh yüksəkliyi görülməmişdi, gənclərimizin müharibəyə getmək üçün könüllü olaraq Müdafiə Nazirliyinə müraciət etmələri bunun sübutudur. Şəhid verən rayonlarda gənclərin öz şəhidini necə qarşılamağının hər birimiz şahidi olduq. Şəhidlərin valideynlərinin dilində yalnız bir kəlmə var: “Vətən sağ olsun”. Bu da əlbəttə, xalqımızın birliyinin, mübarizliyinin göstəricisidir”.
Çıxışlarda qeyd olundu ki, Prezident İlham Əliyev də öz çıxışında “Erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun" mesajını verməklə bir daha ordumuzun gücünü, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Sonra torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlikdə olan birinci məsələ ilə bağlı baş həkim, dosent Ramin Bayramlı çıxış edərək Klinikanın mart ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Mart ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən baş həkim bildirib ki, 2015-ci illə müqayisədə bu il xəstə qəbulunun sayında artım müşahidə edilir. Bu da Klinikada müasir standartlara cavab verən müalicə-diaqnostika metodlarının və həkimlərin səyinin nəticəsidir.
Reanimasiya və İntensiv Terapiya şöbəsinin fəaliyyətini xüsusi vurğulayan baş həkim bildirib ki, bura əsasən digər xəstəxanalardan ağır vəziyətdə olan xəstələr gətirilib. Onlar reanimasiyada müalicə olunduqdan sonra müvafiq şöbələrə yerləşdiriliblər.
Baş həkim mart ayı ərzində Kardiologiya, Hemotologiya, Revmatologiya, Endokrinologiya və 3-cü Pediatriya şöbələrinə daha çox xəstə qəbul edildiyini vurğulayıb.
Daha sonra Klinikada nefroloji xidmətin təşkili və Efferent Terapiya şöbəsinin fəaliyyəti barədə həkim Elgün Həziyevin çıxışı dinlənilib.
Mərkəzdə ən müasir cihazlarla aparılan proseduralardan söz açan həkim hemodializ seanslarının üzərində xüsusi dayanıb, bu prosesin Klinikada təhlükəsiz və yüksək standartlara uyğun formada aparıldığını qeyd edib.
Son 3 ilin müqayisəli diaqramını diqqətə çatdıran həkim qeyd edib ki, bu illər ərzində xəstələrin sayında artım olub.
“Bu müddət ərzində 51 böyrək biopsiyası aparılıb. Mərkəzimizdə xəstələrə müasir üsullarla müalicə üsulunu tətbiq edirik. Son bir neçə ay ərzində Klinikanın nefroloqu Orxan Quliyevin hazırladığı 8 xəstədə böyrək transplantasiyası aparılıb”.
Qarşıya qoyulan hədəflərindən danışan həkim əsas məqsədlərinin gələcəkdə nefrologiya sahəsində yenilikləri praktikada tətbiq etməkdən ibarət olduğunu bildirib.
İclas işini cari məsələrin müzakirəsi ilə yekunlaşdırıb.