Azərbaycan Tibb Universiteti (ATU) İndoneziyanın Cakarta şəhərində keçirilən və nüfuzlu ali təhsil qurumlarını bir araya gətirən Qlobal Dayanıqlı İnkişaf Konqresi- 2026-da (Global Sustainable Development Congress) öz stendi ilə iştirak edib.
“Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan beynəlxalq tədbirdə universiteti elmi işlər üzrə prorektor Məlahət Sultan, İnnovasiya və keyfiyyətin idarə olunması şöbəsinin müdiri Aygün Babayeva və I Mamalıq və qinekologiya kafedrasının əməkdaşı Aynur Rzayeva təmsil edir. ATU nümayəndələri ali təhsil müəssisəsinin dayanıqlı inkişafla bağlı həyata keçirdiyi təhsil və elmi-tədqiqat layihələri, beynəlxalq tərəfdaşlıq proqramları, yaşıl kampus təşəbbüsləri, eləcə də iqlim dəyişikliyinə uyğunlaşma sahəsində atdığı addımları stend ziyarətçilərinin diqqətinə çatdırıblar.
ATU-nun bu konqresdə fəal iştirakı Azərbaycanın ali təhsil sisteminin qlobal gündəmdəki mövqeyinin möhkəmləndirilməsinə, universitetin beynəlxalq tanıtımının artırılmasına və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir. Bu cür tədbirlər, həmçinin universitetimizin beynəlxalq elmi-akademik şəbəkəyə daha sıx inteqrasiyası üçün yeni imkanlar yaradır.
Qeyd edək ki, “Times Higher Education” (THE) reytinq agentliyi tərəfindən təşkil olunan konqresin məqsədi ali təhsil ocaqları, tədqiqat institutları, dövlət qurumları və qeyri-hökumət təşkilatları arasında BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) istiqamətində görülən işləri təqdim etməkdir.