

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti dərc hazırlanıb.
Müasir hərb elmi və hərbi təbabətin təcrübəsi nəzərə alınmaqla ərsəyə gətirilən kitab 5 hissədən ibarətdir. I hissə “Psixiatriyanın ümumi problemləri”, II hissə “Ümumi psixopatologiya”, III hissə “Xüsusi psixiatriya”, IV hissə “Hərbi psixiatriyanın seçilmiş sualları”, V hissə isə “Hərbi qulluqçuların psixi sağlamlığı” adlanır.
Dərs vəsaitində ənənəvi mövzularla yanaşı, “Hərbi-həkim və məhkəmə psixiatriya ekspertizası”, “Hərbi qulluqçularda simulyativ davranış pozuntuları”, “Hərb dövrünün psixi pozuntuları”, “Hərbi peşə zərərlərinin təsiri nəticəsindən yaranan psixi pozuntular”, “İstilik zədələnmələri nəticəsində yaranan psixi pozuntular” adlı mövzular yer alıb. Bundan əlavə, kitabda hərbi qulluqçuların psixi sağlamlığı, sülh və müharibə dövründə psixiatriya yardımının təşkili, psixoprofilaktika və psixogigiyena məsələləri kimi istiqamətlər də öz əksini tapıb.
Kitabın müəllifi ATU-nun Hərbi Tibb Fakültəsinin Tibb xidmətinin təşkili və taktikası kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru (PhD), istefada olan tibb xidməti polkovniki Elşad Sabir oğlu Mehdiyevdir.
Kitabdan həkim-psixiatrlar, hərbi hissə həkimləri, həkim-narkoloqlar və klinik psixoloqlar da istifadə edə bilərlər.
