

Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Bu istiqamətdə növbəti tədbir ATU I Müalicə-profilaktika fakültəsinin 40 nəfərdən ibarət professor-müəllim heyəti və ali təhsil müəssisəsinin ictimai həyatında fəallığı ilə seçilən tələbələr üçün reallaşdırılıb.
Belə ki, ali təhsil müəssisəsinin əməkdaş və tələbələri üçün ATU-nun nəzdində fəaliyyət göstərən və Nabranda yerləşən “Təbib” istirahət mərkəzində birgünlük istirahət təşkil olunub.
Qeyd edək ki, ATU əməkdaşlarının hərtərəfli istirahətini təmin etmək məqsədilə yaradlan “Təbib” istirahət mərkəzi 1994-cü ildən Həmkarlar İttifaqı Komitəsinin sərəncamına verilib.
Hazırda hər il 500 nəfərə yaxın professor-müəllim heyəti, texniki işçi və onların ailələri, o cümlədən tələbələr mərkəzdə istirahət edə bilir.
