
Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr maraqlı təşəbbüslə çıxış ediblər. Universitetin tələbələri - Faysal Badavi, Hayat Abdella, Mohamed Kayalı, Afaq Mustafa, Obida Almustafanın təşkilatçılığı ilə tələbələr arasında “Buraxılış mərasimi” öncədən qeyd olunub.
ATU-da təhsil alan müxtəlif ölkələr, xüsusən Suriya, Hindistan və Pakistan olmaqla, 15 xarici ölkə vətəndaşlarından ibarət 133 məzun tələbənin iştirak etdiyi mərasim Azərbaycanın milli rəqsi ilə acıq elan edilib.
Mərasimə tələbələr öz ölkələrinin səfirliklərindən nümayəndələri, ATU fakültə dekanları, müəllimlərini də dəvət ediblər. Dəvəti qəbul edən Sudan Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa, İordaniya Haşimilər Krallığının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar və digər səfirlik nümayəndələri ilə yanaşı, tədbirə 100-ə yaxın məzunun valideyin və qohumları qonaq qismində qatılıblar.
Tədbirdə Azərbaycan Tibb Universitetindən Xarici təhsilalanlarla iş üzrə dekan müavini, dosent Niyazi Hacızadə iştirak edərək, qonaqları salamlayıb. Maraqlı təqdimatlarla davam edən mərasim məzunların Hipokrat andi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetində (ATU) Məzun Günü tədbirinin 10 iyul 2026-cı il tarixdə “Baku Marriott Hotel Boulevard”-da təşkil olunması nəzərdə tutulur. 2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin 7 ixtisas üzrə 1223 tələbəsi məzun olacaq.