
Azərbaycan Tibb Universiteti (ATU) İtaliyanın Bolonya şəhərində keçirilmiş “Beynəlxalq Uşaq Tənəffüs Xəstəlikləri Cəmiyyəti-2026” (“International Society of Paediatric Respiratory Diseases” (INSPiRED) adlı beynəlxalq konqresdə təmsil olunub.
Uşaqlarda tənəffüs sağlamlığının inkişafına həsr olunmuş qlobal, çoxsahəli şəbəkə olan INSPiRED əməkdaşlıq, təhsil və bərabərlik prinsipləri üzərində qurularaq, uşaq pulmonoloqları, tədqiqatçıları, müttəfiq səhiyyə mütəxəssisləri və siyasətçiləri bir araya gətirir.
2026-cı ildə də inklüzivlik və qlobal bərabərliyi dəstəkləyən konqres uşaq ağciyər xəstəlikləri ilə bağlı elm, klinik qayğı və ictimai səhiyyə sahəsindəki ən son nailiyyətləri bölüşmək üçün dinamik bir platforma rolunu oynayıb.
60-dan çox ölkədən 700-dən artıq nümayəndənin qatıldığı, eyni zamanda elmi mübadilə, potensialın artırılması və əməkdaşlıq tədqiqatlarının gücləndirilməsinə hədəflənən konqresdə ATU-nun Tibb və sağlamlıq elmləri təhsili kafedrasının baş müəllimi, II Müalicə Profilaktika fakültəsinin dekan müavini Bənövşə Hüseynova iştirak edib.
Əməkdaşımız qlobal tədbirdə “Impact of Modifiable Risk Factors on Disease Severity in Pediatric Respiratory Tract Diseases” və “ Clinical Misconceptions in Pediatric Airway Management: A Gap Analysis of Medical Students BLS Competency” adlı iki poster təqdimatı ilə iştirak edib. İzləyicilər tərəfindən maraqla qarşılanan təqdimatla bağlı ATU mütəxəssisinə ünvanlanan suallar ətraflı cavablandırılıb.