Rektor bir qrup tələbə-rezidenti qəbul etmişdir
Martın 14-də Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov universitetin dairəvi zalında bir qrup tələbə-rezidenti qəbul etmişdir.
Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzov məlumat üçün bildirdi ki, fevralın 4-dən 8-dək «5 günlük rezident ol!» layihəsi çərçivəsində 48 tələbə 16 kafedrada istədikləri ixtisaslar üzrə təcrübə keçmişlər. O, əsas məqsədi hər bir tələbənin rezidenturaya baxışının formalaşdırılması olan bu layihənin reallaşmasında göstərdiyi diqqət və qayğıya görə rektora təşəkkürlərini çatdırdı. Eyni zamanda tələbə-rezidentlərə hər cür şərait yaradan Onkoloji, Tədris-Terapevtik və Stomatoloji Klinikaların, Gigiyena Epidemioloji Mərkəzin, cərrahi xəstəliklər, ümumi cərrahiyyə, ağız-üz, çənə, dəri-zöhrəvi və digər kafedraların rəhbərliklərindən də razı qaldıqlarını söylədi.
Ə.Əmiraslanov tələbələrin rezidenturaya marağını müsbət hal kimi dəyərləndirərək bu sahədə daim irəliləyişlərin olacağına əminliyini dilə gətirdi. İnternatura sisteminin özünü doğrultmadığını vurğulayan rektor, zaman-zaman müəyyən qüvvələrin rezidenturaya qarşı çıxdıqlarını da xatırlatdı. O, dünyanın qəbul etdiyi bu mütərəqqi sistemin ildən-ilə təkmilləşdirilməsini zəruri sayaraq rezidentlərin rotasiyası probleminə də toxundu. Diqqəti bu sistemdə aparılan işlərin yüksələn xətlə getdiyinə yönəldərək qeyd etdi ki, dünən 28 tələbəmizi təcrübə keçmək üçün Türkiyənin Samsun Universitetinə yola saldıq. Keçən il 62 məzunumuz Almaniyada rezidentura keçiblər. 300-ə yaxın məzunumuz Türkiyədə uzmanlıq qazanıblar. Bütün bunlar sizlərə stimul verməlidir.
Ə.Əmiraslanov bu layihədə iştirak edən tələbələrin gələcəkdə seçdikləri ixtisaslar üzrə rezidenturanı qazanacaq-larına inandığını bildirdi, onlara uğurlar dilədi.
I müalicə-profilaktika fakültəsinin V kurs, 35a qrup tələbəsi Günel Əfəndiyeva tələbələr adından təcrübə keçdiyi Onkoloji Klinikanın rəhbərliyinə, kuratorlarına öz təşəkkürünü bildirdi, göstərilən etimadı doğruldacaqlarına söz verdi.
Sonda rektor tələbələri keçdikləri ixtisaslar üzrə sertifikatlarla təltif etdi.