Heydər Əliyev
ATU “Rezident həyatı yaşa–5” layihəsinə start verir: 110 tələbə 17 ixtisas üzrə praktik təcrübə keçəcək

ATU “Rezident həyatı yaşa–5” layihəsinə start verir: 110 tələbə 17 ixtisas üzrə praktik təcrübə keçəcək

     Azərbaycan Tibb Universiteti (ATU) tələbələrin peşəkar inkişafına töhfə vermək məqsədilə ənənəvi “Rezident həyatı yaşa-5” layihəsinə start verir. 
    Layihənin əsas məqsədi tələbələrin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, onların nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndimək, bilik və vərdişlərini inkişaf etdirmək, həmçinin gələcək ixtisas seçimində maraq göstərdikləri ixtisaslarla yaxından tanış olmaları üçün əlverişli imkan yaratmaqdır. 
    14–23 iyul 2026-cı il tarixlərini əhatə edən layihəyə universitetin I və II Müalicə-profilaktika fakültələrinin III, IV və V kurslarında təhsil alan ümumilikdə 110 tələbə cəlb olunub. 
    Layihənin həyata keçirilməsinə ATU Tədris Cərrahiyyə Klinikası, ATU Onkoloji Klinikası, Modern Hospital, Avropa Beynəlxalq Hospital və Respublika Dəri-Zöhrəvi Mərkəzi dəstək verir. Tələbələr bu tibb müəssisələrində 17 ixtisas üzrə praktik hazırlıq keçərək rezident həkimlərin gündəlik fəaliyyəti ilə yaxından tanış olmaq və klinik mühitdə peşə bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. 
   Layihə iştirakçıları neyrocərrahiyyə, kardiocərrahiyyə, radiologiya, urologiya, mamalıq və ginekologiya, oftalmologiya, pediatriya, anesteziologiya və reanimatologiya, qastroenterologiya ixtisasları üzrə praktiki təcrübə qazanacaqlar. Həmçinin praktik hazırlıq kardiologiya, nevrologiya, dermatovenerologiya, ümumi cərrahiyyə, endokrinologiya, onkoginekologiya, təcili tibbi yardım və plastik-rekonstruktiv cərrahiyyə ixtisaslarını əhatə edəcək. 
    Qeyd edək ki, tələbələr tərəfindən hər il böyük maraqla qarşılanan və artıq ənənəyə çevrilən “Rezident həyatı yaşa” layihəsinin müəllifi ATU-nun I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzovdur. Layihə gələcək həkimlərin peşə hazırlığının gücləndirilməsi, nəzəri biliklərininin klinik təcrübə ilə daha da möhkəmləndirməsi, onların klinik mühitə erkən adaptasiyası və ixtisas seçiminə dəstək baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin peşə hazırlığının erkən mərhələdən formalaşmasına mühüm töhfə verir.
 

Paylaş

Dostlarınız ilə paylaşın.