“Mersedes” markalı avtobusumuz Azərbaycan Tibb Universitetinin həyətindən çıxıb Bakı-Quba yolu ilə istiqamət götürdü. ATU Həmkarlar İttifaq Komitəsi üzvlərinin böyük əksəriyyətinin təmsil olunduğu bu iki günlük səyahət turu respublikamızın dilbər guşələrindən olan Qusar rayonuna idi.
Universitetimizin rektoru, professor Gəray Gəraybəylinin tövsiyəsi ilə əməkdaşların mənalı istirahətinin təşkili məqsədi daşıyan bu cür səyahət turlarının il boyu davam etdirilməsi nəzərdə tutulub.
Avtobus yol boyu şütüyüb irəlilədikcə şəhərin qarışıq havasından ayrılmış insanlar xoş bir əhval-ruhiyyə ilə şirin söhbət edir, deyib-gülür, istirahəti təşkil edənlərə razılıq edirdilər.
Təbiətin məftunedici gözəlliyindən doymaq bilməyən səyahət iştirakçıları Azərbaycanımızın yaşıl çöllərini, bağ-bağatlı yaşayış məntəqələrini, atlas yarpaqlı meşələrini heyranlıqla seyr edə-edə üç saatın tamamında Qusar rayon mərkəzində yaraşıqlı bir binanın önündə avtobusdan endilər. Bura Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublika Komitəsinin göz oxşayan, könül açan “Şəfa” sağ- lamlıq düşərgəsinin həyəti idi.
Yol boyu əməkdaşları məlumatlandıran universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov səyahətçiləri səmimiyyətlə qarşılayan “Şəfa” sağlamlıq ocağının direktoru Zeynəddin Xasmetovu təqdim etdi. Əməkdaşları gülərüzlə, mehribanlıqla qarşılayan Zeynəddin müəllim düşərgə barədə ətraflı məlumat verdi. Eyni zamanda düşərgənin təşkilində və yaradılmasında Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Emin Əfəndiyevin böyük əməyini qeyd etdi.
İlk gəzinti məkanı Şahdağ Qış İdman İstirahət Kompleksi oldu. Son illər burada möhtərəm prezidentimiz İlham Əliyevin xüsusu təşəbbüsü və qayğısı sayəsində yaradılmış adıçəkilən idman istirahət kompleksində bö- yük işlər görülmüşdür. Təbiətin bu əsrarəngiz guşəsi insan əlləri ilə daha da gözəlləşib. Biri-birindən yaraşıqlı binalar, meydançalar, dincəlmək üçün düzəldilmiş oturacaqlar bu yerləri daha da cana gətirmişdi.
Göy üzündə qartal kimi uçuşan kanatlar bir tərəfdən insanları dağın üstünə daşıyır, o biri tərəfdən qaytarıb gətirirdi. Universitet əməkdaşları kanatlarla gəzintiyə çıxdılar. Kanatların qalxdığı yüksəklikdə də xeyli yaraşıqlı tikililər diqqəti çəkirdi.
Bu gəzintidə universitetin tanınmış professor-müəllim heyəti iştirak edirdi. Bu gözəlliklərlə bağlı onlar da məmnunluqlarını bildirdilər.
Bir yandan insanın yaratdığı xarüqələr, bir yandan da lacivərd göylərdən axıb gələn sərin, baldırğan, lilpar qoxulu məcun hava seli və ətrafın füsunkar gözəlliyi səyahətçiləri heyran qoydu.
Qartalların qıy vurub başımızın üstündə dövrə vurduğu qoca Şahdağına ehtiramımızı bildirərək “Şəfa”ya dönürük. Yol boyu gözümüz gözəllikdən, ruhumuz saf, təmiz, yarpız ətirli havadan doymaq bilmirdi... Şam yeməyi çox mənalı, məzmunlu keçdi. Süfrəyə düzülmüş nemətlər bolluğu öz yerində, sazın sədaları altında səslənən mahnılar, şeir parçaları, alimlərin çıxışları çox mənalı, yaddaqalan oldu. Universitetin kafedra müdirləri, professorlar, dosentlər öz ürək sözlərini dedi, xüsusilə professor İbadulla Ağayevin səsləndirdiyi şeir parçaları və Balabəy Səfərovun sazda ifa etdiyi mahnılar gecəyə xü- susi bir rəng qatdı.
Ertəsi gün tezdən hər cür qayğı, qulluqla qarşılandığımız “Şəfa”nı tərk etməli olduq. Səmimiyyəti ilə yadda qalan Ziynəddin müəllim əməkdaşları yola salmağa çıxdı və “sizi yola salarkən demək istərdim ki, kaş bu mənzərəyə, bizim bu Qusara bir şeir də həsr etmiş olaydınız”- dedi.
Qoca Qaf dağının sehrinə düşüb,
Təmiz havasını udmağa gəldim.
Səsimi zirvədə şahin qıyına,
Şəlalə səsinə qatmağa gəldim.
Bu qonaqpərvər məkandan ayrıldıq və avtobusumuz Nabrana istiqamət götürdü.
Əməkdaşlarımız onlara doğma olan Nabrandakı “Təbib” istirahət düşərgəsində ehtiramla qarşılandı. Bura gəlməkdə məqsəd yay tətilində ATU-nun əməkdaşlarının istirahətini “Təbib” düşərgəsində daha mənalı təşkil etmək üçün düşərgədə görülən yenidənqurma işləri ilə tanış olmaq idi.
“Təbib” düşərgəsinin ərazisini gəzdik, idman meydançasını nəzərdən keçirdik, əməkdaşlar düşərgə barədə fikirlərini söylədilər və məlum oldu ku, hələ görüləsi bir sıra işlər var. Səyahət iştirakçı- ları əmin olduqlarını bildirdilər ki, universitetin rəhbərliyi “Təbib”in yenidən qurulmasına xüsusi qayğı ilə yanaşacaqdır.
“Təbib” düşərgəsinin ziyarətindən sonra iki günlük səyahət turu başa çatdı. Şahdağdan başlamış mavi Xəzərə qədər olan ilahi gözəllik və insanların biri-biri ilə qurduğu ünsiyyət xoş bir təəssürat olaraq Tibb Universiteti əməkdaşlarının yaddaşı- na həmişəlik həkk olundu.
ATU-nun Təbib qəzetinin baş redaktoru Eldar İsmayıl