Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında I Beynəlxalq Türkiyə- Azərbaycan Tibbi Ekspertiza və Patologiya konqresi keçirilib.
Konqres Azərbaycan və Türkiyə Dövlət himnlərinin səsləndirilməsi ilə öz işinə başlayıb.
ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov çıxış edərək ATU-nun rektoru professor Gəray Gəraybəylinin adından konqres iştirakçılarını salamlayıb, konqresə öz işində müvəffəqiyyətlər arzulayıb.
Rauf Bəylərov bildirib ki, Azərbaycanla Türkiyə arasında günü-gündən daha da inkişaf etməkdə və möhkəmlənməkdə olan ictimai-siyasi, iqtisadi əlaqələr hər iki dövlətin ümumi mənafeyini və strateji inkişaf bazasını təşkil edir.
Rauf Bəylərov Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunu konqres iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, Məhkəmə Tibbi Ekspertiza və Patologiya sahəsində təməlini qoyduğumuz birgə elmi və praktik əməkdaşlıq ümumi strateji istiqamətin ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə hüquq və tibb elmləri arasında bir körpü təşkil edir. Təməlləri möhkəm olan bir ölkədə tibbi xidmətin və məhkəmənin qüsursuz olması vacib şərtlərdəndir. Müasir Səhiyyə sistemində tibbi xətalar və həkim səhvləri aktual problemlərdən biri olaraq qalır. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya bu xətaların azaldılması və müvafiq tədbirlərin görülməsi istiqamətində çox əhəmiyyətli işlər görür.
İki qardaş ölkənin belə aktual problemlərdən dolayı mötəbər konqresdə bir araya gəlmələri təqdirəlayiqdir. Ümid edirəm ki, universitetimizdə keçirilən belə tədbirlər ardıcıl olaraq davam etdiriləcək, iki ölkənin səhiyyə və tədris işçiləri arasında qarşılıqlı dostluq, əməkdaşlıq münasibətlərinin genişlənməsinə səbəb olacaqdır.
Daha sonra Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov çıxış etdi.
O, Türkiyəli kolleqalarını ikinci vətənləri olan Azərbaycanda görməkdən məmnun olduğunu bildirdi.
Ədalət Həsənov bu günün tarixi bir gün olduğunu da diqqətə çatdırdı. Çünki, 1933-cü ildə Məhkəmə Tibbi Ekspertiza xidməti Azərbaycanda yaradıldığı gündən bu günə qədər ilk dəfədir ki, bu sahədə beynəlxalq konqres keçirilir.
Konqresin davamında Malatya Məhkəmə Tibbi Ekspertizanın rəisi professor Osman Çelbiş çıxış edərək belə bir konqresin təşkilatçılığında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.
Konqres işini panel iclaslarında davam etdirdi.
Qeyd edək ki, 3 gün davam edəcək konqresə Türkiyədən 90 nəfər qatılıb. Onların içərisində Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları, Türkiyə Məhkəmə Tibbi Ekspertiza İnstitutunun direktorları, professorlar iştirak edirlər.