Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının genişləndirilmiş iclası keçirilib. Klinikanın direktoru dosent Könül Xəlilova iclası açaraq gündəlikdəki məsələlərlə bağlı şura üzvlərini tanış edib.
Gündəlikdə olan birinci məsələ ilə bağlı baş həkim nefroloq Elnur Fərəcov çıxış edib.
O, Klinikanın oktyabr ayındakı müalicə-diaqnostik fəaliyyəti ilə bağlı hesabatı şura üzvlərinin diqqətinə çatdırıb.
Oktyabr ayı ərzində klinikanın şöbələrində stasionar və gündüz rejimdə müalicə alan pasiyentlər barədə ətraflı məlumat verən baş həkim, 2015-ci illə müqayisədə cari ilin oktyabr ayı ərzində xəstə qəbulunun sayında artım olduğunu bildirib.
Pulmonologiya, Allerqologiya və Nefrologiya şöbəsinin fəaliyyətini xüsusi vurğulayan baş həkim bu şöbədə xəstə qəbulunun sayında ciddi şəkildə artım olduğunu bildirib. Bunun əsas səbəbi də həkimlərin xəstələrə olan diqqətinin və qayğısının nəticəsi kimi dəyərləndirib.
Baş həkim Hematologiya və Revmatologiya şöbələrində də xəstə sayının artdığını söyləyib.
Gündəlikdə olan ikinci məsələ ilə bağlı Hematologiya şöbəsinin müdiri Valeh Hüseynov çıxış edərək Amerika Birləşmiş Ştatlarının Memfis şəhərində hematologiya və sümük iliyi transplantasiyası sahəsində xüsusi hazırlanmış təkmilləşdirmə kurslarındakı iştirakından danışıb.
O bildirib ki, 1 ay müddətində davam edən kurslar ABŞ-ın “Tennessee” universitetinin West Cancer Center bölməsində davam etdirilib.
Valeh Hüseynov xaricdə bu sahə üzrə öyrəndiyi təcrübənin Klinikanın Hematologiya şöbəsində də tətbiqinə başlanıldığını, eyni zamanda yüksək səviyyəli hematoloq-rezidentlərin hazırlanması üçün xüsusi proqramın təşkil olunduğunu da bildirib.
Daha sonra məruzəçi həkim Afaq Nəsibovanın Mieloid Sarkoma xəstəliyi barəsindəki çıxışı dinlənilib.
O, 39 yaşında bu xəstəliyə düçar olmuş bir nəfərin hematoloq Valeh Hüseynovun sayəsində çox böyük irəliləyişlərə nail olunduğunu da bildirib.
Afaq Nəsibova Mieloid Sarkoma xəstəliyinin tarixi, differensial diaqnostikası və müalicəsindən söz açaraq bildirib ki, bu xəstəliyə 45-52 yaşlı insanlar arasında daha çox rast gəlinir. Xəstəlikdə cərrahi müdaxiləyə . hər zaman ehtiyac olmadığını deyən A. Nəsibova onu da vurğulayıb ki, qeyd olunan xəstəlikdə 50% yalnış diaqnoz qoyula bilmə ehtimalı da var.
İclas işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.