Oktyabrın 31-də Bakıda AMEA-nın təşəbbüsü ilə təşkil olunan II Azərbaycan Elm Festivalına start verilib. Festival çərçivəsində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında keçirilən tədbir cari ilin noyabr ayının 1-də baş tutub.
Festival öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsələndirilməsi ilə başladı.
Festivalın açılışında ATU-nun tədris işləri üzrə prorektoru professor Sabir Əliyev giriş nitqi ilə çıxış edərək ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən xüsusi qayğıdan, gənclərimizin həyata keçirdiyi uğurlu elmi tədqiqatlardan, gənc alimlər üçün yaradılan şəraitdən danışıb. Professor S.Əliyev, qeyd edib ki, bu festival artıq ikinci dəfədir ki, ATU-da keçirilir. Bunun üçün o, AMEA-nın prezdidenti akademik Akif Əlizadəyə böyük təşəkkürünü bildirərək,bu festivalın keçən dəfəkindən fərqli olduğunu və onun 6 gün davam edəcəyini vurğuladı.
Prorektor Sabir Əliyevin sözlərinə görə, gənc alimlərin inkişafı, azərbaycanlı elm adamlarının işlərinin dünyaya tanıdılması baxımından Elm Festvalının müstəsna əhəmiyyəti var. Buna görə də, bu bilik nümayişində AMEA-nın bütün elmi müəssisə və təşkilatları ölkəmizin bütün ali və orta təhsil müəssisələri ilə yanaşı ATU-da da fəal iştirak edir.
Daha sonra festival çərçivəsində ATU təmsilçiləri ilə yanaşı, digər ali müəssisələrin nümayəndələrinin müxtəlif elmi mövzulara dair mühazirələri dinlənilib.
Azərbaycan Tibb Universitetinin profesor-müəllim heyəti də Elm Festivalında geniş nümayəndə heyəti ilə təmsil olunub. Tədbirdə universitet əməkdaşlarının “Hemotologiya və onkologiyada adaptiv (qazanılmış) T-hüceyrəli immunoterapiya” (V.Hüseynov) mövzusunda, “Diş-çənə anomaliyalarının müalicəsi və onların ağırlaşmalarının profilaktikası təcrübəsində aşağı tezlikli ultrasəsin tətbiqinin məqsədəuyğunluğu barəsində” (Z.Qasımova) , “Uşaq serebral iflicinin perinatal risk faktorları” (S.Hüseynova ), “Bioloji fəal maddələrin alınması və tibbdə istifadəsi üçün tətbiqi” mövzusunda (T.Süleymanova) maraqlı çıxışlar olub.
Toplantıda həmçinin Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi S.Rüstəmov “Fraktallar nəzəriyyəsi və onun tətbiqi” mövzusunda, AMEA Radiasiya Problemləri İnstitutunun dosenti A.Nəsibova “Biotibbi tədqiqatlarda müasir fiziki-kimyəvi metodların tətbiqi” mövzusunda, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru N.Sultanova “Bitki virusları-təhlükəli infeksion xəstəliklərin mənbəyi kimi”, Fövqəladə Hallar Nazirliyinin təmsilçisi Ə.Quliyev “İonlaşdırıcı şüalanma mənbələri və radiasiya təhlükəsizliyi” mövzusunda təqdimatlarla çıxış etdilər.
Qeyd edək ki, Azərbaycanda Elm Festivalı 2014-cü ildən keçirilir. I Elm Festivalının 15 mindən artıq iştirakçısı olub. Builki festival UNESCO, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyi və Moskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılır.