Elmin İnkişafı Fondunun dəstəyilə laborator avadanlıqlar və reaktivlər alınacaq

ATU-nun Patoloji anatomiya kafedrasında və Patohistoloji laboratoriyasında Elmin İnkişafı Fondunun dəstəyilə elmi araşdırmalar üçün avadanlıqlar və immuno-histokimyəvi reaktivlər alınacaq.

 

Azərbaycanın qocaman ali məktəblərindən olan Tibb Universiteti təkcə yüksək təhsil səviyyəsi ilə tanınmır. ATU-da tibb mütəxəssisləri uzun illərdir həm də təbabətin müxtəlif sahələrinə dair dərin elmi tədqiqat və araşdırmalarla məşğul olurlar.

 

ATU-nun Patoloji anatomiya kafedrası tərəfindən aparılacaq növbəti elmi araşdırma da bunun sübutudur. Kafedra əməkdaşları Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 2015-ci il üçün Kompleks Elmi-Tədqiqat Proqramları Layihələri Müsabiqəsində (EİF-KETPL-2015-1(25)) iştirak ediblər.

 

Patoloji anatomiya kafedrasının əməkdaşları tərəfindən irəli sürülən “Azərbay­can Tibb Universitetində aparılan eksperimental-klinik yönümlü elmi-tədqiqat işləri zamanı patoloji dəyişikliklərin molekulyar-genetik dəyərləndirilməsinin təmini” layihəsi də müsabiqədə qalib çıxan layihələrdən olmuşdur.

 

Qrant layihəsinin rəhbəri, ATU-nun patoloji anatomiya kafedrasının müdiri, professor Ədalət Həsənovun sözlərinə görə layihənin əsas məqsədi Azərbaycan Tibb Universitetinin müxtəlif elmi-tədqiqat laboratoriyaları, kafedra və klinikalarında aparılan eksperimental-klinik yönümlü elmi-tədqiqat işləri zamanı hüceyrə, toxuma və orqanlarda rast gəlinən patoloji dəyişikliklərin molekulyar-genetik səviyyədə öyrənilməsi və dəyərləndiril­mə­sini təmin etmək olmuşdur.

 

Professor Ə.Həsənov qeyd edir ki, qrant layihəsi çərçivəsində ATU-nun patoloji anatomiya kafedrasının nəzdində olan Patohistoloji laboratoriya üçün 8 adda avadanlıq və aparaturanın. 43 adda reagent – histokimyəvi və immun-histokimyəvi reaktivlər komplektinin alınması planlaşdırılır.

 

Professor Ə.Həsənov qeyd edir ki, müasir dövrdə tibb sahəsində prioritet hesab olunan orqanköçürmə – transplantologiya (sümük iliyi, böyrək transplantasiyası, qaraciyər transplantasiyası və s.), kök hüceyrələr, tibbi-genetika, mikrobiologiya və digər sahələrdə aparılan elmi-tədqiqat işlərinin nəticələrinin daha dürüst və dünya elmində əldə olunan nəticələrə uyğun olması üçün molekulyar-genetik üsullardan immun-histokimya və FISH (fluorescence in situ hybridization) üsulunun tətbiqi çox vacib və tələb olunandır. Nəzərdə tutulan bu müasir morfoloji müayinələrin həyata keçirilməsi Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında orqan (böyrək, qaraciyər və s.) transplantasiyalarının aparılması, kök hüceyrələrin öyrənil­məsi və tətbiqi üzrə müvafiq şöbələrin yaradılmasından və fəaliyyətə başlamasından sonra daha vacib hesab edilir. Belə ki, orqan və toxuma transplantasiyaları zamanı əməliyyatdan əvvəl və sonra donordan və resipiyentdən götürülən toxuma nümunə­lə­rinin əksər hallarda histokimyəvi və molekulyar-genetik müayinələrinin aparılması istər elmi-tədqiqat işləri kimi, istərsə də klinik-morfoloji tədqiqatlar nöqteyi-nəzərdən zəruri hesab edilir.

 

“Eyni zamanda, FISH üsulundan klinik tədqiqatlarda da çox geniş istifadə edilir. Məlumdur ki, infeksion xəstəliklər zamanı xəstənin toxumalarından və ya mayelə­rin­dən alınmış bakteriyalar aqar mühitində əkilir və törədici təyin edilir. Lakin, bir çox hətta çox yaxşı məlum olan bakteriyalar da laborator şəraitlərdə yaxşı inkişaf etmirlər. Bu zaman pasiyentlərdən alınmış çox kiçik bir toxuma nümunəsində FISH üsulunun köməkliyi ilə törədicini dəqiq təyin etmək mümkün olur. Qeyd olunan üsulların istifadəsi ilə müxtəlif istiqamətli elmi-tədqiqatlar zamanı üzv və toxuma­lar­dan götürülmüş cərrahi və diaqnostik biopsiya, həmçinin autopsiya materiallarında müxtəlif struktur səviyyələrdə morfoloji dəyişiklikləri aşkar etmək, patoloji proseslə­rin morfogenezini, forma və xarakterini, onların qarşılıqlı dinamikasını öyrənmək, neoplastik proseslərdə şiş toxumasının dəqiq histogenezi təyin etmək qarşıya qoyulan məqsədə çatmaq üçün adekvat məsələlər hesab olunmalıdır. Bütün bunların da nəticəsi klinikada, xüsusilə də onkoloji xəstəliklər zamanı və orqan transplantasiya­la­rında həyati diaqnostika, müayinə, müalicə və profilaktika işlərinin daha da təkmil­ləş­diril­məsinə və yaxşılaşdırılmasına, molekulyar səviyyədə proqnostik faktorların müəyyənləşdirilməsi ilə xəstəliklərin maksimum dərəcədə proqnozlaşdırılmasına səbəb olacaq”.

 

Ümumiyyətlə, layihənin icrası sayəsində ATU-nun Patomorfoloji laboratori­ya­sında müasir morfoloji müayinə üsullarından (işıq mikroskopiyası, histokimyəvi, immunohistokimyəvi, FISH və s.) kompleks şəkildə istifadə ediləcəkdir. Bunların köməyilə nəzəri-eksperimental və tətbiqi-klinik elmi-tədiqiqatlar zamanı hüceyrə, toxuma və orqanlarda müxtəlif səviyyələrdə baş verən dəyişikliklərin morfoloji xüsusiyyətlərinin öyrənilməsi nəzərdə tutulur. Həmçinin, böyrək və qaraciyər transplantasiyaları zamanı reperfuzion sindromun patogenetik və morfogenetik əsasları yeni müstəvilərdə və müasir tələblər səviyyəsində tədqiq olunacaqdır. Kəskin və xroniki leykozların müxtəlif formaları zamanı sümük iliyi transplantasiyalarından sonra monitorinq müayinələr aparılacaqdır.

 

Professor vurğulayır ki, immunhistokimya və FISH üsullarının istifadəsi, həmçinin bu üsulların tədbiqi zamanı əldə olunan nəticələr Azərbaycan Tibb Universitetinin müvafiq kafedralarında aparılan tədris prosesində istifadə ediləcək və kafedraların elmi-tədris bazasının daha da möhkəmlənməsinə xidmət edəcək.

Qeyd edək ki, layihədə patoloji anatomiya kafedrasının assistenti Camal Musayev, kafedranın baş müəllimi Müşfiq Orucov, baş laborantlar Arzu İbişova və Anar  İsayev iştirak ediblər. Layihə üzrə immunohistokimya və FİSH üsulları ATU-nun nəzəri kafedralarında, elmi-tədqiat laboratoriyalarında və klinikalarında həyata keçiriliən çoxşaxəli elmi-tədqiqat işlərinin morfoloji hissələrinin həyata keçirilməsində, o cümlədən patoloji anatomiya kafedrasında tələbə və rezidentlərin  tədris prosesində hərtərəfli istifadə ediləcək.