İtaliyadan professor heyəti ATU-nun qonağı oldu.
Dünən İtaliyadan təşrif buyuran professor-müəllim heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Romanın Sapienza Universiteinin professoru Antonello Biagininin başçılıq etdiyi nümayəndə heyətini ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qəbul edib. Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.
Görüş zamanı rektor Əhliman Əmiraslanov qonaqları salamlayandan sonra onlara ATU haqqında məlumat verib. Akademik hazırda universitetdə 7500 tələbənin təhsil aldığını, onlardan 1500-ə yaxınının əcnəbi olduğunu söyləyib. Ə.Əmiraslanov bildirib ki, hazırda ATU-nun nəzdində üç klinika - onkoloji, terapevtik və stomatoloji klinikalar fəaliyyət göstərir, yaxın aylarda cərrahiyyə klinikası da istifadəyə veriləcək.
Akademik Əhliman Əmiraslanov ATU-nun Milandakı Avropa Antoloji Universiteti ilə əlaqələrinin olduğunu da söylədi. Onun sözlərinə görə, universitetin həkim-professorlarımız vaxtaşırı olaraq İtaliyada keçirilən elmi konfranslar, simpoziumlarda iştirak edir.
Öz növbəsində Antonello Biagini də təmsil etdiyi universitetin strukturu, fəaliyyəti haqqında məlumat verdi. Onun sözlərinə görə, Sapienza Universitetində tibb sahəsi üzrə 3 fakültə fəaliyyət göstərir. Həmçinin, ATU ilə adıçəkilən ali təhsil müəssisəsi arasında əməkdaşlıq sazişi mövcuddur. Hazırda Azərbaycan Tibb Universiteti məzunlarından 2 nəfəri Sapienza Universitetində magistratura keçir.
Görüşün sonunda hər iki tərəf qarşılıqlı münasibətləri genişləndirmək, yeni və konkret istiqamətdə əməkdaşlığa başlamaq haqqında qərara gəldilər.