Mayın 31-də Azərbaycan Tibb Universitetində Almaniyadan gələn qonaqlarla görüş baş tutub. Məşhur kardioloq, Münhen Kardioloji Mərkəzinin baş həkimi, professor Albert Şöminq ATU-nun fəxri qonağı adına layiq görülüb.
Görüşün əvvəlində ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov qonağı salamlayıb, ona universitetin fəaliyyəti, strukturu haqqında ətraflı məlumat verib. Hazırda ATU-nun tərkibində üç klinikanın olduğunu, yaxın aylarda növbəti cərrahiyyə klinikasının da açılışının olacağını bildirib.
Daha sonra akademik Ə.Əmiraslanov alman professoru haqqında görüş iştirakçıların məlumat verib. Qeyd olunub ki, professor, tibb elmləri doktoru Albert Şöminq uzun illərdir Münhen Kadiloji Mərkəzində çalışır. Peşəkar kardioloq kimi bütün dünyada tanınır, bir çox nüfuzlu beynəlxalq tibb cəmiyyətlərinin üzvüdür.
Görüş zamanı almaniyalı professora "ATU-nun fəxri qonağı" adı təqdim olundu. Bu haqda diplomu rektor Əhliman Əmiraslanov cənab Şöminqə şəxsən təqdim etdi. Qonağa həmçinin xatirə hədiyyəsi də təqdim olundu.
Öz növbəsində professor Şöminq dəvətə və özünə qarşı iltifata görə Əhliman Əmiraslanova, ATU kollektivinə təşəkkürünü bildirdi. O, Bakıda ilk dəfə olduğunu, səfərdən çox məmnun qaldığını söylədi. Alman professoru Azərbaycanda səhiyyənin yüksək səviyyədə inkişaf etdiyini söylədi, həmçinin tibb sahəsində peşəkar kadrların hazırlanmasında öz köməyini təklif etdi.
Görüşün sonunda professor Albert Şöminq ATU əməkdaşları, müəllim və tələbələrin suallarını cavablandırıb. Daha sonra qonaq ATU-nun klinikaları, tədris kafedraları ilə tanış olub, xatirə şəkilləri çəkdirib.
Qeyd edək ki, tibb elmləri doktoru, terapevt-kardioloq Alber Şöminq Geydelberq Universitetində təhsil alıb, sonradan uzun illər orada çalışıb və tibb elmləri namizədi adını alıb, tibbi klinikaya rəhbərlik edib. İnvaziv kardiologiya üzrə ixtisaslaşıb. 90-cı illərdən etibarən Münhen Texniki Universitetinin nəzdindəki tibb klinikanın baş həkimi, daha sonra Münhen Kardioloji Mərkəzinin rəhbəri təyin olunub. Albert Şöminq çoxsaylı elmi məqalələrin müəllifidir.