Mayın 19-da Azərbaycan dili kafedrasında xalq şairi Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş tədbir keçirildi. İştirakçıları salamlayan tədbirin aparıcıları 169A qrupunun tələbələri S. Əliyeva, B.Ağayeva B.Vahabzadənin bu misraları ilə tədbiri açıq elan etdilər:
Yaz ayları çağıldayan selmisən?
Bu dünyanı oyuncaqmı bilmisən?
Həyat səni güldürəndə gülmüsən,
Hünərin var ağladanda gül görüm!
Sonra Azərbaycan dili kafedrasının müdiri, dosent Akif Miriyev öz müəlliminin qeyri-adi insanlığından, fəlsəfi şair kimi Azərbaycan ədəbiyyatında tutduğu mövqeyindən, xalqa arxa-dayaq olmağından, ictimai fəaliyyətindən söhbət açdı. O, xalqımızın mərhumiyyətlər və vaxtaşırı mənəvi və maddi soyqırımlara məruz qalmış keşməkəşli tarixinə odlu-alovlu vətənpərvərlik duyğuları ilə yanaşan böyük şairin yaradıcılığının indi də gənclər üçün nə qədər vacib əsərlər olduğundan söhbət açdı. O, bildirdi ki, sovet dövründə anti-sovet ideyalarına görə həmişə mənəvi və fiziki təzyiqlərlə üzləşən böyük şair, müstəqillik uğrunda mübarizədə həyatını təhlükədə qoymaqdan belə çəkinməmişdi.
Çıxışını Bəxtiyar Vahabzadənin “Mən haqq-hesab istəyirəm gecələr gündüzümdən” misrası ilə başlayan dosent İsmət Ağayeva şairin yaradıcılığında xüsusi yer tutan “Gülüstan” poemasının Azərbaycan ədəbiyyatındakı böyük əhəmiyyətini nəzərə çatdıraraq ərazimizin ikiyə bölünməsinə dair əsil şair fikrinin düşüncə tərzindən danışıb. İ.Ağayeva universitetdə 1976-cı ildə B.Vahabzadə ilə bağlı görüş gecəsini xatırladaraq həmin görüşün bu gün də yaddaşlarda dərin iz buraxdığını dedi və şairin kafedraya öz imzası ilə bağışladığı bir şeirini oxudu.
Sonra Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Bu dünyadan bir Bəxtiyar keçdi” filmi nümayiş olundu və mərhum şairin öz səsi ilə “Hara gedir sabahımız” şeiri səsləndirildi.
Tədbirdə hazırlıq bölməsinin 10-cu qrup dinləyicisi Ərəstun Mədədi “Ana dili” şeirini xüsusi məharətlə söylədi. 171a qrupundan G.Nəsirzadə, 169a qrupundan S.Şirinova, K.Behbudova, 167a qrupundan N.Şıxəliyeva, 162a qrupundan N.Musalı və Ə.Rzayeva, 171b qrupundan B.Axundova şairin yaradıcılığından nümunələri diqqətə çatdırdılar.
Hazırlıq şöbəsinin dinləyicisi Abdulkadir Özdikər və tələbə N.Şirinova şairin sözlərinə yazılmış mahnıları ifa etdilər.
Xatirə tədbirində B.Vahabzadə ilə yaxın münasibətdə olmuş mühəndis - bəstəkar Taryel Məmmədov onunla bağlı xatirələrini danışdı, tarda ifa etdiyi melodiyalarla iştirakçılara xoş anlar bağışladı. Tədbirin ən təsirli anlarından biri də ictimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının dosenti M.Məhərrəmovun şairin “Allah” şeirini dərin hiss və duyğu ilə söyləməsi oldu.
B.Vahabzadənin şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan epidemiologiya kafedrasının müdiri şair təbiətli professor İbadulla Ağayevin çıxışı iştirakçıların hərarətli alqışları ilə qarşılandı.
Tədbirdə tələbələr, hazırlıq şöbəsinin dinləyiciləri, müəllimlər və “Təbib” qəzetinin baş redaktoru, şair-publisist, əməkdar jurnalist Eldar İsmayıl iştirak ediblər.