Bu testi hesablayan proqram yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında mövcuddur .
İstənilən tibb müəssisəsi, klinikalarda müasir laboratoriyaların mövcudluğu əsas şərtlərdən biridir. Məhz modern tibbi avadanlıq və peşəkar kadrlar əhaliyə tibbi xidmətin yüksək səviyyədə göstərilməsinə imkan yaradır.
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında bu baxımdan – şərait yaradılıb. Belə ki, hazırda klinikada çoxprofilli laboratoriya fəaliyyət göstərir. Bu haqda laboratoriyanın müdiri, tibb üzrə fəlsəfə doktoru Yavər Hacısoy məlumat verib. Onun sözlərinə görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Laboratoriyasında bütün növ - biokimyəvi, hematoloji, immunoloji, bakterioloji, molekulyar-genetik analizlər aparılır:
“Ümumiyyətlə, laboratoriyamız Almaniya, Yaponiya və Amerika kimi dövlətlərin istehsalı olan və dünyada referans olaraq qəbul olunmuş cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriya personalının hər biri isə peşəkar, xaricdə təhsil almış mütəxəssislərdir. Çünki laboratoriyanın təchizatı önəmli olduğ kimi, nəticələri qiymətləndirən həkimlərin bilik və bacarıqları da əhəmiyyət daşıyır. Bütün bunlarla yanaşı, laboratoriyamızda həm daxili, həm də xarici keyfiyyətə nəzarət (kontrol) sistemlərindən istifadə olunur. Sivil laboratoriyalarda bu mütləqdir. Bunu təəsüf hissi ilə qeyd etməliyəm ki, Azərbaycanda bu cür nəzarət sistemləri ilə işləyən laboratoriyalar barmaq sayını keçməyəcək qədər azdır.
Bu kontrol sistemləri ticari firmalar tərəfindən istehsal olunur, biz isə onların nümayəndəlikləri vasitəsi ilə əldə edirik. Daxili kontrol dedikdə nə başa düşülür? Belə ki, aldığımız kontrollar ilə birlikdə instruksiyaları gəltirilir və kontrolun içərisində ölçüləcək elementin miqdarı məlumdur. Məsələn, instruksiyada qeyd olunur ki, kontrolun içərisində qlükoza (şəkər) 80 mg/dL olmalıdır. Bizim laboratoriyamızda səhər işə başlamadan öncə bütün bölmələr üzrə ən azı bir səviyyədə kontrollar qoyulur. Əgər kontrollarımızın nəticəsi istənilən səviyyədədirsə, ondan sonra pasiyentlərin nümunələri işlənilir. Yəni əgər içərisində qlükozanın (şəkər) miqdarı 80 mg/dL olan kontrolun nəticəsini cihaz 80 və ya ona yaxın rəqəm verirsə, deməli işimiz normaldır, xəstələrin nümunələrini də rahatlıqla (güvənərək) işləyə bilərik. Onu da qeyd edim ki, bəzən bu proses gün ərzində bir neçə dəfə təkrar olunur.
Xarici kontrol nədir?
Xarici kontrol sistemində isə anlaşdığımız qurum ayda bir dəfə bizə içərisində işlənəcək testlərin dəyərlərini bilmədiyimiz maye (bəzən toz halında) göndərir. Yəni bu kontrolun içərisində məsələn qlükozanın miqdarı bizə məlum deyil. Göndərilmiş kontrollarlaboratoriyadakı müvafiq bölmə və cihazlarda işləndikdən sonra, qurumun internet səhifəsində bizim üçün xüsusi açılmış pəncərələrinə daxil edilir. Təxminən 7-10 gün sonra nəticələr elan olunur. Bu zaman nəticəmiz ideal dəyərə nə dərəcədə yaxındır, xarici nəzarət sistemlərinə qoşulmuş laboratoriyalar arasında yerimiz və s. bildirilir. Onu da qeyd edim ki, biz bu məqsədlə Türkiyə cumhuriyyətində olan Klinik Biokimya Uzmanları Dərnəyinin xarici kontrol sistemlərinə qoşulmuşuq. Və bura bir neçə ölkədən yüzlərlə laboratoriya qoşulur.
Aprel ayında isə laboratoriyamızda daha bir yenilik etmişik. Belə ki, Azərbaycanda ilk dəfə Almaniyanın Siemens şirkətinə məxsus lisenziyalı “Prisca” proqramı ilə təmin olunmuşdur. Bu nə üçün lazımdır?
Hamilə qadınlarda gələcək övladın bəzi genetik xəstəliklərlə (Down, Trisomiya 18 və s.) doğulma ehtimalını araşdırmaq üçün 2-li, 3-lü və 4-lü tarama analizləri olunur. Əksər sivil ölkələrdə bütün hamilə qadınlar bu analizlərin ən azı birindən keçirlər. ATU-TCK-nın laboratoriyasında olanmövcud cihazlar (Siemens Immulite XP2000) və yeni təmin olunmuş proqram vasitəsi ilə artıq bu analizlər özümüzdə aparılır. Indiyə qədər bu analizlər Türkiyə cumhuriyyətində olan laboratoriyalara göndərlilirdi. Artıq bir neçə klinika sırf bu analizlər üçün bizim ilə əməkdaşlığa başlamışdır. Getdikcə də digər klinika və laboratoriyaların da bu analizləri digər respublikalara deyil, bizim klinikanın laboratoriyasına göndərəcəyini düşünürük.
Laboratoriya müdirinin sözlərinə görə, İkili tarama hamiləliyin 11-14-cü həftələrində aparılır. Bu zaman qanda bzəi hormonlar yoxlanılır. Həmin gün ana mütləq ultrasəs müayinəsindən də keçir və dölə aid bəzi ölçülər götürülür. Sonda bu dəyərlər “priska” proqramına daxil edilir və gələcək övladın genetik xəstəlik ilə doğulma ehtimalı hesablanılır. Y.Hacısoy deyir ki, bu proqram hazırda yalnız ATU-nun Tədris Cərrahiyyə Klinikasında var: “Bu proqramın köməyilə qeyd etdiyimiz kimi, Daun sindromu və bəzi genetik xəstəliklərlə bağlı risklər hamiləlik dövründə ortaya çıxarılır”.
Həmsöhbətimiz Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Mərkəzi laboratoriyasıında hər cür xəstəliklərlə bağlı dəqiq, düzgün analizlərin aparılmasına zəmanət verir.