Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasında tələbələr və rezidentlər üçün seminarlar keçirilir.
ATU-nun Ortopedik stomatologiya kafedrasının müdiri Nazim Pənahov tədbir iştirakçılarına seminarın mahiyyətindən bəhs etdi. O bildirdi ki, ATU rektoru, professor Gəray Gəraybəylinin göstərişinə əsasən, tələbələr və rezidentlər üçün nəzərdə tutulan seminarlar qeyri-iş günlərində təşkil edilir: “Seminarlara ortopedik stomatologiya sahəsinin tanınmış mütəxəssislərini cəlb edirik. Təxminən 2 saat davam edən tədbirdə I və III kurs rezidentləri və yuxarı kurs tələbələri iştirak edirlər və onların sualları mütəxəssislərimiz tərəfindən cavablandırılır. Bu sayca ikinci seminarımızdı. Tədbiri davamlı olaraq hər ay keçirməyi planlaşdırırıq. İlk seminarda ”Stomatologiyada 3d planlama və tomoqrafiya” mövzusunu seçmişdik. Seminarı ATU-nun Ortopedik stomatologiya kafedrasının doktorantatı Rüfət Hüseynov aparmışdı və çox müsbət qarşılanmışdı”.
İkinci seminar ATU-nun Ortopedik stomatologiya kafedrasının assenti, tibb üzrə fəlsəfə doktoru Aslan Məmmədovda həvalə edilib. O, “Diş ətrafı bioloji enin formalaşması - anatomiyası və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış edib. Aslan Məmmədovun sözlərinə görə, seminarda müzakirə olunan mövzu dərs proqramında yoxdur, lakin çox önəmli bir mövzudur: “Bizim məqsədimiz ondan ibarətdir ki, mümkün qədər həm informativ tərəfdən, həm də kliniki təcrübə baxımından təcrübəmizi tələbələrlə bölüşək. Bu gün təqdim etdiyim mövzu parodontologiyadan bəhs edir və dünya stomatologiyasında olan əsas problemləri əhatə edir. Bu mövzu dərsliklərə salınmayıb, bu baxımdan da tələbələrin bu haqda öyrənməsi üçün böyük şans yaradılıb”.
Qeyd edək ki, A. Məmmədov Almaniyada sözügedən mövzu üzrə ixtisaşlama keçib. 2007-2010-ci illər ərzində Almaniyada Münxen IPI institunun parodontologiya üzrə ixtisaslaşma programını bitirib. 2013-2015-ci illər ərzində Avstriyada Vena Tibb Universitetinin Parodontologiya kafedrasinda elmi araşdırmalar və parodontologiya ixtisasi üzrə təhsil alıb. 2014-ci ildən Avstriya Parodontologiya Cəmiyyətinin üzvüdür.