Bu il aprelin 27-dən mayın 1-dək Nyu-Yorkda dünya allerqoloqlarının tanınmış simalarının iştirakı ilə Ümumdünya Tibbdə Reabilitasiya və İmmunoreabilitasiya Konqresi və X Ümumdünya İmmunopatologiya təşkilatı tərəfindən allergiya, astma, XOAX üzrə illik Beynəlxalq Forum keçirilib.
Tədbirdə MDB, Amerika, Asiya, Avropa və Afrikanın 50-dən çox ölkəsindən nümayəndələr iştirak edib. Mühazirəyə Dünya allerqoloqlar təşkilatının prezidenti Mario Sançez Borqes, İtaliyadan “İnterastma” Beynəlxalq Cəmiyyətinin həmsədri Valter Kanonika, Amerika Allerqoloqlar-İmmunoloqlar Akademiyasının fəxri üzvü Alen Kaplan, Amerika Allerqoloqlar-İmmunoloqlar Akademiyasının eks-prezidenti Bryan Martin, Vyana Tibb Universitetinin allergiya tədqiqatı və patofiziologiya, immunopatologiya şöbəsinin müdiri Rudolf Valenta, Danimarkadan Avropa Respirator Cəmiyyətinin eks-prezidenti Ronald Dahl və digər tanınmış simalar iştirak edib. Konfrans iştirakçıları əsasən allerqoloji tədqiqatların əsas nəticələrini, kliniki praktikada onların tətbiqini nəzərdən keçirib, allerqologiya və immunologiya sahəsində müxtəlif kliniki vəziyyətlərlə bağlı aktual məsələlər müzakirə olunub.
Respublikamızı bu mötəbər tədbirdə ATU-nun “Klinik Allerqolqiya və immunologiya” kursunun rəhbəri, tibb elmləri doktoru, professor Lalə Allahverdiyeva və adıçəkilən kursun dosenti Aynur Ağayeva yüksək səviyyədə təmsil ediblər.
Forumun poster müzakirələri çərçivəsində professor L.Allahverdiyeva respirator allerqopatologiya sahəsində Nailə Əfəndiyeva ilə həmmüəllifi olduğu “Atopik bronxial astmalı uşaq və yeniyetmələrdə speleoterapiyanın effektivliyi” və Nazilə Ələkbərova ilə həmmüəllif olduğu “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya” adlı məruzələri təqdim edib.
Təqdim edilmiş poster məruzələr müxtəlif ölkə iştirakçıları və eləcə də komissiya üzvləri arasında böyük marağa səbəb olub. Belə ki, L.Allahverdiyeva və N.Ələkbərovanın “Allergik rinit və bronxial astma olan uşaqlarda sublinqval allergenspesifik immunoterapiya” adlı məruzəsinin elmi əhəmiyyəti yüksək qiymətləndirilərək I yerə layiq görülüb və sertifikat alıb.
Bundan başqa, L.Allahverdiyeva dünyanın müxtəlif ölkələrindən iştirak edən həkim və alimləri Naxçıvanda yerləşən duz mağaralarının müalicəvi, reabilitasiya imkanları və speleoterapiya üstünlükləri ilə daha yaxından tanış etmək məqsədilə forumda plakatlar, broşürlər, məqalələrdən ibarət ekspozisiya sərgiləyib və qısa film nümayiş etdirib. Alimimizin etdiyi təqdimat İspaniya, Amerika, Filippin, Rumıniya və digər ölkələrin həkimlərində geniş maraq oyadıb və onlar bilavasitə tənəffüs sağlamlığının bu təbii mənbəyi ilə tanış olmaq istədiklərini qeyd ediblər.
Həmçinin professor L.Allahverdiyeva Forumun plenar iclaslarından birinə də sədrlik edib.
Lalə xanım tədbir barədə təəssüratlarını bizimlə bölüşərək bildirib ki, Forum yüksək elmi səviyyədə keçirildi, bu, praktiki və nəzəri allerqologiya sahəsində mövcud elmi bilik mübadiləsi üçün böyük əhəmiyyət kəsb etdi: “Doğrudur, müalicəvi duz mağaraları istər Avropanın, istərsə də MDB-nin bir sıra ölkələrində mövcuddur. Amma Naxçıvan mağaralarındakı duzda olan natrium və xlor ionları digər ölkələrdəkinə nisbətən tərkibin 90 faizdən çoxunu təşkil edir. Bu da müalicənin effektliyini daha da artırır. Amma digər ölkələrdə duzun tərkibində kalsium ionları daha çoxdur. Naxçıvan mağaralarının üstün cəhətlərindən biri də ondan ibarətdir ki, mağaralar Avropadakılara nisbətən üfiqi yerləşir. Havanın temperaturu sabitdir, burada rütubət və havanın axını normaldır”.
L.Allahverdiyeva Naxçıvan duzu ilə bağlı tədqiqat işlərinin davam etdirildiyini diqqətimizə çatırmaqla yanaşı, pasiyentlərə yüksək xidmətin təşkilindən də söhbət açıb. Xəstələrin düzgün müayinəsi üçün İsveçdən dünyanın məşhur tədqiqat mərkəzlərində istifadə olunan “Nioxmino” aparatının gətirildiyini qeyd edib.
Baş laborant Nailə Əfəndiyeva bu aparatın olduqca həssas olduğunu, xəstələrdə bir sıra müayinələrin düzgün aparıldığını, hətta nəfəsdə azot-2 oksidinin səviyyəsinin belə dəqiq ölçüldüyünü bildirib. Bir sözlə, onlara müraciət edən xəstələrin müalicə və müayinələrinin nəticələrindən məmnun qaldığını xüsusilə vurğulayıb.