Bu günlərdə Bakı şəhər Səbail rayonu 6 saylı (möhtərəm Prezidentimiz İlham Əliyevin oxuduğu məktəb) məktəbin 1b sinif rəhbəri Xuraman Şabani və şagirdləri Azərbaycanın görkəmli elm adamları arasında özünəməxsus yeri olan tanınmış alim, gözəl ziyalı, iqtisad elmləri doktoru, professor, AMEA-nin müxbir üzvi Aqil Əlirza oğlu Əliyevi xatirəsini anmaq üçün ATU-nun ictimai fənlər kafedrasında olublar.
Balaca qonaqları səmimiyyətlə qarşılayan kafedranın müdiri, professor Qoşqar Əliyev qeyd edib ki, onların yaddaşında daim yaşayan Aqil Əliyev öz şərəfli və mənalı ömrünü Tibb Universitetinin əvvəllər siyasi iqtisadiyyat, sonralar isə ictimai fənlər kafedrasına həsr etmişdir. Aqil müəllimin xatirəsini əziz tutan kafedra əməkdaşları bu böyük alimin iş otağını muzey kimi hörmətlə qoruyub saxlayırlar.
Sonra qonaqlara Aqil Əliyevin həyat-yaradıcılığı, elmi-pedagoji və ictimai xidmətləri barədə məlumat verilib. Qeyd olunub ki, Aqil Əliyev 190-dan artıq elmi əsərin və 32 monoqrafiyanın müəllifi olmuşdur. Onun elmi-pedagoji kadrların hazırlamasına və iqtisadiyyat elminin inkişafına həsr edilmiş fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Əməkdar elm xadimi” adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” və “Şohrət” ordenləri, eləcə də bir çox fəxri fərmanlarla təltif edilib. Gələcəyimiz olan uşaqlara Aqil muəllimlə bağlı xatirələrini bölüşən Qoşqar Əliyev onun müqayisə olunmayan mənəvi böyüklüyündən söhbət açıb. Kafedranın dosenti Leyla Talışınskaya Aqil müəllimin və onun ətrafında olan şəxslərin stendlərdə yer alan foto- şəkillər barədə uşaqlara ətraflı məlumat verib.
Şagirdlərin Azərbaycan Tibb Universitetinə gəlişinin əsas məqsədi ölkəmizin inkişafında yaxından iştirak edən ziyalıları uşaqlarımıza tanıtmaq, onların dünyagörüşü və vətənpərvərlik hisslərini daha da zənginləşdirməkdən ibarətdir.
Qeyd edək ki, bu səyahətlərin təşəbbüskarı 6 nömrəli məktəbin direktoru Gülşən Orucova və balacaların sevimli müəllimi Xuraman Şabanidir. Uşaqlar bundan əvvəlki səyahətləri zamanı Tarix muzeyini, Şirvanşahlar sarayını və Üzeyir Hacıbəyovun ev muzeyini ziyarət edib, Milli Elmlər Akademiyasının məşhur alimlərinin həyat –fəaliyyətləri ilə tanış olublar.