Dölün exokardioqrafiyasının banisi Filipp Jenti seminarda çıxış edib
Bu gün ATU-nun Tədris Cərrahiyyə Klinikasında dölün exokardioqrafiyanın banisi sayılan professor Filip Jentinin iştirakilə (Philippe Jeanty) seminar öz işinə start verib.
Dünya şöhrətli radioloq-sonoqrafist, dölün exokardioqrafiyası üzrə mütəxəssis Filipp Jenti “Azerbaijan Fetal Education Research Group” və Azərbaycan Tibb Universitetinin birgə təşəbbüsülə ATU-da təşkil olunan iki günlük seminara qatılıb. Professor Jenti ana bətnindəki dölün ürəyinin daha dərindən dinlənilməsi, dölün anatomik anomaliyalarının ultrasəs müayinəsi vasitəsilə müəyyənləşdirilməsinə dair “Ürəyin disseksiyası” mövzusunda mühazirə ilə çıxış edir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloqu Elşən Rzayevin sözlərinə görə, bu məruzə hər bir kardioloq, radioloq üçün çox önəmlidir: “Professor Filipp Jenti radioloqlar aləmində canlı əfsanə hesab olunur. Bu sahədə işləyən mütəxəsssislər tibbdə əldə olunan nailiyyətlər, yeniliklərdən daim xəbərdar olmalıdırlar. Bu baxımdan, təşkil olunan seminarın böyük əhəmiyyəti var”.
Konfransda qeyd olundu ki, Filipp Jenti dünyanın bütün həkimlərinin işlətdiyi ultrasəs cihazlarında dölün ölçülərini izləməyə imkan verən çarxları kəşf edib. Professor 120-dən çox ölkədə mühazirələrlə çıxış edib. Dölün exokardioqrafiyası ultrasəs müayinənin bir növüdür. Bu müayinə ana bətnində olduğu zaman döldəki anadangəlmə ürək qüsurlarını və digər xəstəlikləri aşkarlamağa imkan verir. O, 34 dərslik, 154 elmi məqalənin müəllifidir.
Professor Jenti həm də” TheFetus” saytının yaradıcısıdır. Burada sonoqraflar bir çox maarifləndirici informasiyanı əldə edir, həm də təcrübə mübadiləsi aparırlar.
Qeyd edək ki, ATU-da keçirilən seminarda yalnız universitetin əməkdaşları yox, respublika üzrə dölün exokardioqrafiyası ilə maraqlanan bir çox mütəxəssislər iştirak edirlər.