Tibb Profilaktika fakültəsində ilk dəfə olaraq OSPİ metodu ilə imtahan tətbiq edilir
Azərbaycan Tibb Universitetində yekun dövlət attestasiya imtahanları davam edir. Xəbər verdiyimiz kimi, ötən ildən etibarən universitetdə dövlət imtahanları yeni Obyektiv Strukturlaşmış Klinik İmtahan (OSKİ) üsulu ilə keçirilir.
Tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına keçid alırlar.
Lakin ATU-da imtahanlarla bağlı yenilik bununla bitmir. Universitetin tibbi profilaktika fakültəsində bu ildən etbarən imtahanlar Obyektiv Strukturlaşmış Praktik İmtahan (OSPİ) üsulu ilə keçirilir. Fakültənin dekanı Anar Ağayevin sözlərinə görə, bu, tələbələrin yiyələndiyi bacarıqların qiymətləndirilməsi üçün ən yaxşı üsullardan biri sayılır. OSPİ - son illərdə dünyanın əksər ölkələrində geniş tətbiq edilən, müasir tələblərə cavab verən bir sınaq metodudur. Bu üsul tələbələrin praktik və təcrübi bacarıqlarını ədalətli qiymətləndirməyə imkan verir. Sevindirici haldır ki, Azərbaycanda OSPİ imtahanları ilk dəfə məhz ATU-da tətbiq olunur. Anar Ağayevin sözlərinə görə, tələbələr də yeni innovativ metod sayılan OSPİ imtahanlarının tətbiqindən razılıqlarını bildiriblər.
Qeyd edək ki, imtahanların tətbiqindən əvvəl tibbi profilaktika fakültəsində OSPİ metodu ilə əlaqədar təlimlər də keçirilmişdi. Təlimlərdə tələbələr OSPİ imtahanı ilə bağlı tələb və qaydalarla tanış olmuşdular.
Tibbi profilaktika fakültəsində OSPİ metodu ilə yekun dövlət attestasiya imtahanları 4 gün davam edəcək. Hazırda Tibbi profilaktika fakültəsinin IV kursunda 80-nəfər tələbə təhsil alır.