ATU-da hər bir fakültənin qeydiyyat prosesi ayrılıqda aparılıb. Bu, tələbə və valideynlərinin sıxlıq yaranmasının qarşısını alıb. Digər ali məktəblərdən fərqli olaraq, ATU-da qeydiyyat prosesində növbə, narahatlıq yaranmayıb. Tələbələr cəmi bir neçə dəqiqə ərzində qeydiyyatdan keçib sənədlərini fakültə nümayəndələrinə təqdim ediblər.
Bu il ATU-nun stomatologiya fakültəsinə 100 tələbə qəbul olunub. Onlardan 17-si rus bölməsinin tələbələridir. Stomatologiya fakültəsində minimal keçid balı 500-dən yuxarı qeydə alınıb. Dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq tələbələr isə 630-dan yuxarı bal toplayanlardır.
Əczaçılıq fakültəsinə ümumilikdə 75 nəfər qəbul olunub. Bunlardan 29-u dövlət sifarişi əsasında təhsil alanlardır. Bu fakültəyə qəbul üçün minimal keçid balı 540-dan yüksək olub.
Tibbi profilaktika fakültəsinə bu il 80 tələbə qəbul olunub. Minimal keçid balı ödənişli əsasla oxuyacaq tələbələr üçün 487 bal, dövlət sifarişi hesabına qəbul olunanlar üçün 560 bal olub. Artıq bu fakültədə tələbə adını qazananların hamısı qeydiyyatdan keçib. Müalicə işi fakültəsinin də tələbələrinin qeydiyyatı başa çatmaq üzrədir.
Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı bu gün saat 17.00-a kimi davam edir. Bu müddətin sonuna kimi qeydiyyatdan keçməyən tələbələr öz yerlərini itirmiş sayılır. Sonradan həmin yerlər vakant elan olunur.
Əlavə məlumat üçün (012)595-49-11 nömrəsi ilə əlaqə saxlamaq olar.