Bu gün İsrailin Ben-Qurion Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub, ATU-nun rektoru professor Gəray Gəraybəyli ilə görüşüblər.
Görüş zamanı professor Gəray Gəraybəyli qonaqlara ATU-da tədris prosesi ilə yanaşı, müəssisənin beynəlxalq əlaqələri haqqında da söz açdı: “Tibb Universiteti ilə bir sıra ölkələrin universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb. Son illər ərzində daha çox xarici ölkələrin təhsil müəssisələri ilə əlaqələr qurulub. Bu ölkələr arasında İsrail ən sıx münasibət qurduğumuz ölkələrdən biridir. Bu dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində xarici ölkələrdən gələn mütəxəssislər bizim tələbələr qarşısında məruzə ilə çıxış edir, tələbələrimiz mübadilə proqramlarında iştirak edirlər”.
Görüş zamanı rektor G.Gəraybəyli qeyd edib ki, indiyədək Azərbaycanda geriatriya şöbəsi olan bir klinika, hansısa tibb müəssisəsi olmayıb. İlk dəfə olaraq məhz ATU-nun Tədris Terapevtik Klinikasında geriatriya şöbəsi yaradılıb. Rektor bu şöbənin uğurlu fəaliyyətinə israilli mütəxəssislərin də yardım edə biləcəyini qeyd edib.
Daha sonra ATU-nun beynəlxalq işlər üzrə prorektoru, dosent Nadir Zeynalov universitetidə təhsil alan xarici tələbələr, onları üçün yaradılan şərait, ATU-nun qoşulduğu beynəlxalq proqramlar və s barəsində ətraflı məlumatı qonaqların diqqətinə çatdırıb.
Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, professor Yan Press ATU-nun klinikasında yaradılan Geriatriya şöbəsi haqqında təəssüratlarının açıqladı və görülən işləri təqdirəlayiq adlandırdır: “Geriatriya önəmsənməli bir sahədir. Klinikanızda yaradılan şəraitlə, bu sahəyə cavabdeh şəxslərlə tanış oldum. Hamı işində olduqca dəqiq insanlardır. Biz də bu şöbənini işinin yüksək səviyyədə qurulması üçün əlimdən gələn köməyi etməyə hazırıq”.
Qeyd edək ki, İsrailin Ben-Qurion Universitetinin Tibb fakültəsinin baş mühazirəçisi, ATU-nun məzunu, professor Yan Press ATU-da təşkil edilən iki günlük seminarda çıxış edəcək. "DELİRİY" mövzusunda məruzə ilə çıxış edən professor Y.Press 65 yaşdan yuxarı insanlarda xəstəliklərin müayinə və müalicəsi ilə bağlı məsələlərdən danışacaq. Mühazirə İsrail Klalit Tibb Şəbəkəsinin Cənub bölgəsi üzrə ambulator geriatriya xidmətinin rəhbərinin iştirakilə baş tutacaq.
Qeyd olundu ki, xarici professorlar səfər zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasını, Tədris Terapevtik Klinikasını gəziblər, burada tələbələr və xəstələr üçün yaradılan şəraitlə yaxından tanış olublar. Azərbaycanda səfərdə olan nümayəndə heyətinin tərkibində dr. Aleks Geftler də daxildir.
1969-cu ildə yaradılan Ben Gurion universiteti hazırda İsrailin ən böyük təhsil və tədqiqat mərkəzlərindən biri sayılır. Universitetin nəzdində bütün dünya üzrə məşhur olan İrvinq Qoldman adına tibbi məktəb fəaliyyət göstərir. Burada dünyanın hər yerindən tələbələr təhsil alır.