Birinci kurs tələbələrini universitet həyatı, tədris qaydaları ilə tanış etmək məqsədilə bu gün ATU-nun əczaçılıq fakültəsində tədbir təşkil edilib. Görüşdə fakültənin dekanı, professor Tahir Süleymanov çıxış edərək Azərbaycanda əczaçılıq təhsilinin tarixi haqqında ətraflı məlumat verib.
Professor T.Süleymanovun sözlərinə görə, ölkəmizdə 1939-cu ildə ilk dəfə olaraq əsaslı Əczaçılıq İnstitutu açılıb. İkinci dünya müharibəsi illərində isə institut Əczaçılıq fakültəsi qismində fəaliyyətə başlayıb: “Elə həmin vaxtdan etibarən Əczaçılıq fakültəsi uğurla işini davam edirir. Bu günə qədər fakültəni bitirmiş təxminən 7000-ə yaxın məzun ölkədə dərman təchizatı sahəsində işləyirlər. Məzunlarımız istər satış məntəqələrində, apteklərdə, istər istehsalat hissəsində, istər inzibati işlərdə, istərsə də elmi sektorda fəaliyyət göstərirlər. Fakültədə təhsil alanlar insan sağlamlığının qorunmasında həkimlər qədər məsuliyyət daşıyırlar”.
Daha sonra ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev I kurs təbələlərini təbrik edərək onlara uğurlar dilədi. Prorektor S.Əliyev bildirdi ki, tələbəlik həyatını gənclərin həyatında dönüş nöqtəsi saymaq olar: “Digər ali məktəblərdən fərqli olaraq ATU-da təhsil insanların malik olduğu ən qiymətli nemət - sağlamlığın qorunması ilə bağlı olduğundan, bizim müəllimlərin və tələbələrin məsuliyyəti daha böyükdür. Odur ki, hər birinizi çalışqan və fəal olmağa, dərin bilikləri qəbul etməyə çağırıram”.
Görüşün sonunda ATU-nun əczaçılıq fakültəsinin I kurs tələbələri fakütə rəhbərliyinə onların maraqlandıra sualları ünvanlayıblar. Gənclər universitetdə keçirdikləri ilk günün maraqlı təşkilinə görə ATU nümayəndələrinə təşəkkür ediblər.