Belarus Diplomdansonrakı Təhsil üzrə Tibb Akademiyasının rektoru, professor Mixail Aleksandroviç Gerasimenko və nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə klinikasında qonaq olub.
Görüş zamanı ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, ə.e.x., professor Surxay Hadıyev qonaqlara klinika haqqında geniş məlumat verdi. Qeyd etdi ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildən fəaliyyət göstərir: “500 çarpayılıq klinikada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 28 şöbə mövcuddur. On üç mərtəbəli binada yerləşən Klinikada tədrislə yanaşı, əhaliyə yüksək diaqnostik və cərrahi müalicə-tibbi yardım da göstərilir. Klinikada ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, döş qəfəsi cərrahiyyəsi, oftalmologiya, travmatologiya, neyrocərrahiyyə və digər şöbələr fəaliyyət göstərir. Tibb ocağı ən müasir avadanlıqla təchiz edilib”.
Daha sonra ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir Zeynalov ATU-da tələbələr üçün yaradılan imtahan şəraitindən danışdı: “Tibb Universitetində imtahanlar obyektivliyin tam qorunması məqsədilə onlayn qaydada test üsulu ilə aparılır. İmtahan şərtlərinə görə, tələbələr 1 saat ərzində 50 sualı cavablandırmalıdırlar. Digər tərəfdən, artıq 2 ildir ki, dövlət imtahanları OSKİ imtahan üsulu ilə aparılır. Bu üsul da tələbələr tərəfindən bəyənilir. Bu üsulla tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına keçid alırlar. OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur. Dünyanın əksər ölkələrinin tibb universitetlərində, eləcə də digər universitetlərdə bu bacarıq imtahanları təbliğ olunur.”
Görüşdə TCK-nın baş həkimi, professor Rauf Ağayev Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında hər bir sahədə mövcud olan sıx əlaqələrdən danışdı. Rektorun müşaviri Zülfüqar Musabəyov qonaqlara ATU rektoru,professor Gəray Gəraybəylinin salamlarını çatdırdı. Qeyd etdi ki, bir gün öncə ATU rektoru ilə Belarus Respublikasının Səhiyyə Naziri arasında görüş keçirilib və ümumi müzakirələr nəticəsində əməkdaşlıq sahəsində bir sıra addımların atılması planlaşdırılıb.
Belarusdan olan qonaq, tanınmış ortoped-travmatoloq, professor Mixail Aleksandroviç Gerasimenko Azərbaycan ilə Belarus arasında olan dostluğun, təhsil və tibb yönündə də irəliləyişlər doğuracağına inandığını dedi. Belarusun Dövlət Tibb Universitetinin travmatologiya və ortopediya kafedrasının müdiri işləmiş M.Gerasimenko ölkəsində tibb təhsili sahəsində əldə olunan uğur və nailiyyətlərdən danışdı: “Biz də universitetimız nəzdində təhsil və tədrisi, müalicə işini birləşdirən bu cür klinikanın yaradılmasını arzulayırıq. Hələlik, universitetin yalnız şəhər klinik xəstəxanası fəaliyyət göstərir. Əminəm ki, bu məsələdə azərbaycanlı həmkarlarımızın yardım və məsləhətlərindən istifadə edə bilərik”. M.Gerasimenko həmçinin diplomdan sonrakı dövrdə həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində yaradılmış şəraitdən danışdı. Onun sözlərinə görə, rəhbərlik etdiyi Diplomdansonrakı Tibb Təhsili Akademiyası əlavə tibb təhsili verən tədris, elmi və kliniki mərkəz kimi qəbul edilir. Burada tibb sahəsi üzrə mütəxəssislər hazırlanır, həkimlərin təkmilləşdirilməsi və rəhbər şəxslərin ixtisasartırma proqramları mövcuddur. Akademiyada doktorantura, aspirantura və kliniki ordinatura pillələri mövcuddur. Müəssisənin nəzdində müalicə-mələhət şöbəsi yaradılıb.
Müzakirələr zamanı Belarus və Azərbaycanın tibb təhsili verən ali məktəbləri arasında əməkdaşlıq, rezident və tələbələrin mübadilə proqramlarında iştirakı, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinə dair məsələlər haqqında fikir mübadiləsi aparıldı.