29-30 sentyabr tarixlərində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında "Qadınlarda çanaq dibi pozulmalarının diaqnostika və müalicəsi: yeni məqamlar" mövzusunda konfrans keçirilib. Tədbiri ATU-nun II mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova açaraq, bu cür konfransların həkimlərin bu sahədə fikir mübadiləsi aparmasında böyük önəmi olduğunu vurğuladı. O bildirdi ki, burada müzakirə olunan məsələlər qadın problemlərinin həllinə öz töhvəsini verəcək.
Misir Ərəb Respublikasının Ain-Şəms Universitetinin mamalıq-ginekologiya kafedrasının professoru Diaa Rizk çıxış edərək, Azərbaycanda olmağından məmnunluğunu bildirdi: "Mən Tədris Cərrahiyyə Klinikasının işi ilə tanış oldum. Gördüm ki, Azərbaycanda tibb sahəsi son illərdə çox inkişaf edib. Mamalıq-ginekologiya sahəsində həddindən artıq irəliləmə var. Xəstələrin düzgün müayinə və müalicəsi üçün burada hər bir şərait yaradılıb. Klinika yüksək tibbi avadınlaqlarla təchiz edilib".
Professor Diaa Rizk konfransın bu sahədə çalışan dünya həkimlərinin bir araya gəlməsini də yüksək qiymətləndirib.
İki gün davam edən konfransda ginekologiya ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Konfrans 6 hissədən ibarət olub. D.Rizk "Doğumla bağlı çanaq dibi disfunksionalarının patogenezi", S.Sultanova, E.Əliyeva "Doğumdan sonra yaranan perineal və anal sfinkterin travmalarının cərrahi müalicəsi", İ.Mahalov "Azərbaycanda sallanma və sidik saxlamamazlığının epidermiologiyası və risk faktorları", F.Dokmeci "Sallanma və sidik saxlamamazlığı olan qadınların həyat keyfiyyəti", N.Qədirova "Sallanma və sidik saxlamamazlığı visual", M. Xəlilova "Sallanma və sidik saxlamamazlığı urodinamikası", R.Əliyeva, A.Poluxova "POP-Q klassifikasiya və terminologiya", T.Canbaxışov "Apikal prolapsın cərrahi müalicəsi", E.Qasımov "Cərrahi torlar - yeni texnologiya", A.Ağamirov "Uşaqlıq yolunda qoyulan torlar - sübutlu əsaslar" mözvuzalarında mühazirələrlə çıxış ediblər.