Oktyabrın 2-də ATU-nun Elmi-Tədqiqat Mərkəzində İctimai Səhiyyə fakultəsinin nəzdində fəaliyyət göstərən kafedraların elmi-tədqiqat işi ilə məşğul olan əməkdaşları ilə (dissertant,aspirant və iddiaçılar) fakultə rəhbərliyinin görüşü keçirilib.
Tədbirin açılışında çıxış edən fakultə dekanı, tibb üzrə elmlər doktoru Anar Ağayev son zamanlar universitetdə aparılan islahatlar haqqında məlumat verib. Onun sözlərinə görə, universitetdə elmi işlə məşğul olan əməkdaşların fəaliyyətinə dəstək verilməsi hazırda prioritet məsələlərdən biridir. Bu görüşün əsas məqsədi fakultə sərəncamında olan kafedraların tədqiqat işi aparan əməkdaşlarının elmi fəaliyyətlərinin istiqamətlərini uzlaşdırmaq, mövzularla tanış olub mübadilə etmək, qarşıya çıxan müəyyən problemlərin həllində yardımçı olmaq, bilavasitə koordinasiya fəaliyyətini icra etməkdən ibarətdir. Tədqiqatçının elmi fəaliyyət istiqamətində apardığı iş kağız üzərində qalmamalı, praktikada tətbiq olunmalı və səmərəliliyi müəyyən olunmalıdır. Eyni zamanda tədqiq olunan aktual mövzu ətrafında tələbə hazırlamaq, onun TEC-də çıxışını təmin etmək həm maarif işinin aparılması, həm də tələbələr arasında elmə maraq oyadaraq gələcəkdə gənc alimlərin yetişməsi üçün bir stimul olardı.
Görüşdə iştirak edən Elmi-Tədqiqat Mərkəzinin direktoru, professor Qalib Qarayev çıxışında bildirdi ki, elmi işlə məşğul olan əməkdaşların fəaliyyətini əlaqələndirən Koordinasiya Şurasının fəaliyyətini bərpa etməsi olduqca vacibdir. “Çox istərdim ki, gənc alimlərimiz aktual olmayan və səmərə verməyən mövzulara müraciət etməsinlər. Bu məsələdə onlara kömək məqsədilə dissertasiyanın necə yazılması, ədəbiyyatlardan necə istifadə olunmasına və s. dair seminarlar təşkil oluna bilər.” Q.Qarayev bildirdi ki, Mərkəzdə gənc alimlərin apaşdırma aparması üçün kifayət qədər şərait mövcuddur. O, həmçinin görülən işlərlə bağlı ilin sonunda toplunun dərs olunmasını da təklif etdi.
Görüşdə ATU-nun aspirantura və dissertantura şöbəsinin müdiri, t.ü.f.d Samir Cavadov da çıxış edərək gənc alimlərin apardıqları tədqiqat işlərinin koordinasiya olunmasının vacibliyinə toxundu. O, elmi işlərin təkbaşına aparılmasının artıq dünya praktikasında effekt vermədiyini qeyd edərək, multidistiplinar, yəni iki və daha artıq müəlliflərin birgə araşdırmasının önəmindən danışdı. Gənc alimlərimizin kartotekadan istifadə etmək təcrübələri olmadığından, yerli alimlərə istinadlar az olur. Bu və ya digər çatışmazlıqların qarşısını almaq üçün mütləq görüşlərə və alimlərimizin bir-biri ilə əlaqəsinə ehtiyac var”.
Fakultənin elmi katibi, tibb üzrə fəlsəfə doktoru Yaqut Hacıyeva da öz təklif və tövsiyyələrini səsləndirdikdən sonra müzakirələr aparıldı.
Gənc alimlər elmi araşdırmalar zamanı üzləşdikləri problemlərdən söz açaraq onların həlli yolları ilə bağlı fikirlərini bildirdilər. Dosent Ş.Balayeva, C.İsmayılzadə və s. çıxış edərək bu cür görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyətli olduğunu bildirdilər.
Görüşün sonunda Fakultə dekanı tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək, onlara elmi fəaliyyətlərində uğurlar arzuladı və belə görüşlərin mütəmadi keçiriləcəyini bildirdi.