Bu ilin 3-4 oktyabr tarixlərində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən Avropa İttifaqının TAIEX proqramı çərçivəsində xarici ekspertlərin iştirakı ilə seminar keçirilib. Seminarın əsas məqsədi "Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin yaradılmasına dəstək" göstərməkdən ibarət olub. İki gun davam edən seminarda Avropa universitetlərindən dəvət olunmuş təhsil sahəsində ekspertlər yerli Universitetlərin nümayəndələri ilə öz təcrübələrini bölüşüblər.
Seminarda Azərbaycan Tibb Universitetini (ATU) “Təhsilin keyfiyyətinin təminatı və innovasiya” şöbəsinin müdiri professor Akif Qurbanov təmsil edib. Onun sözlərinə görə, TAIEX proqramı çərçivəsində keçirilən seminar bizim Universitetdə yaradılmağa başlanmış Təhsilin keyfiyyəti sisteminin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. Belə ki, seminarın nəticələri bu sahədə Avropa universitetlərinin təcrübəsindən bəhrələnmək, çətinliklərin öhdəsindən gəlmək və mövcud problemlərin həll etməkdə yardımçı olacaq.
Xatırladaq ki, bir qədər öncə ATU-da keyfiyyətin idarə edilməsi sisteminin yaradılmasına başlanılıb. Bunun üçün ATU rektoru professor Gəray Gəraybəylinin əmri ilə Universitet rektorunun bilavasitə tabeçiliyində fəaliyyət göstərəcək “Təhsilin keyfiyyətinin təminatı və innovasiya“ şöbəsi yaradılıb.
Keyfiyyətin idarə edilməsi sisteminin yaradılması istiqamətində ilk addım ATU Böyük Elmi Şurasında Təhsilin Keyfiyyətinin Təminatı haqqında Bəyannamənin müzakirəsi və qəbul edilməsi olub. Azərbaycan Tibb Universitetində təhsilin keyfiyyətinin təminatı haqqında bəyannamə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı prinsipləri əsasında hazırlanıb.