ATU-da ana südü ilə qidalandırmanın əhəmiyyətindən danışılıb
Oktyabrın 5-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirin məqsədi Səhiyyə Nazirliyi və UNİCEF-in təşəbbüsü ilə keçirilən ana südü ilə qidalandırma həftəsi ilə bağlı məlumat vermək, əhali arasında bu mövzuda maarifləndirməni gücləndirməkdən ibarətdir.
Tədbirin açılışında çıxış edən Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, pediatr Rauf Bəylərov qeyd edib ki, ana və uşaq sağlamlığı dövlətin əsas prioritet sahələrindən biridir. Bu cür maarifləndirici aksiyaların təşkili də dövlət səviyyəsində aparılan siyasəti tərkib hissəsidir. Çıxışçı qeyd edib ki, ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı çərçivəsində bir çox layihələr tətbiq olunur.
“Ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir. Layihə çərçivəsində Azərbaycanın bölgələrində və doğum evlərində araşdırma aparılıb. Nəticədə bəlli oldu ki, ölkə üzrə ana ilə qidalandırma 30%-dən təxminən 65%-ə qədər artıb. Bu da çox sevindirici hal idi. Amma sonradan 2005-ci ildən bu yana ana südü ilə qidalanmanın UNİCEF tərəfindən təbliği bir qədər diqqətdən kənar qaldı. Buna baxmayaraq biz həkimlər öz tədris proqramımızda ana südünün nə qədər əhəmiyyətli olması təbliğatları davam etdiririk”.
Ana südü ilə qidalandırmanın üstünlüyündən danışan R.Bəylərov qeyd etdi ki, hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur: “Artıq onkoloqlar da bunu təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır. Bu şüar bütün dünyada var: “Süni qidalanma ölü qidalanmasıdır”. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar.”
II uşaq xəstılikləri kafedrasının müdiri, professor Amaliya Əyyubovanın mpdertorluğu ilə baş tutan tədbirdə klinikanın tanınmış mütəxəssisləri mövzu ilə bağlı çıxış ediblər.
ATU-nun Tədris Terapevtik Klinikasının II uşaq xəstəlikləri kafedrasının professor Səfixan Həsənov qeyd edib ki, ana südü ilə qidalanmanın həm ana, həm də uşaq sağlamlığı üçün böyük əhəmiyyəti var. Çünki bu cür uşaqların immuniteti daha möhkəm olur, onlar xəstələnəndə tez sağalır. Belə körpələr arasında ölüm hallarına az təsadüf edilir.
ATU-nun III uşaq xəstəlikləri kafedrasının dosenti, t.e.d. Ələkbər Həsənov bildirib ki, ana südü vaxtından qabaq doğulmuş uşaqlarda immuniteti gücləndirmək üçün gözəl vasitədir. Çünki adətən belə körpələr müxtəlif infeksiyalara qarşı daha davamsız olurlar. müxtəlif immun faktorları ilə zəngin olan ana südü isə bu məsələdə əvəzsiz kömək edə bilər. Bundan əlavə ana südü də sarılıqla mübarizədə böyük kömək edir.
Azərbaycan Tibb Universitetinin terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Səidə Xanməmmədova bildirib ki, ana südü ilə qidalanmanın əsas amillərindən biri psixoloji amildir. Onu sözlərinə görə, qadınlar əvvəldən körpəsini ancaq ana südü ilə qidalandırmağa hazır olmalıdır, bu prosesin daha rahat keçməsinə hazırlaşmalıdırlar. Hər ana bilməlidir ki, körpəni altı ayına qədər yalnız ana südü ilə qidalandırmaq lazımdır.
Qeyd edək ki, hər il oktyabr ayının ilk həftəsi Səhiyyə Nazirliyinin və UNICEF-in təşəbbüsü ilə ana südü ilə qidalandırma həftəsi kimi qeyd edilir. Bu münasibətlə Bakıda və regionlarda bir sıra tədbirlər keçirilir. Əsas məqsəd ana südünün faydaları haqqında cəmiyyəti maarifləndirməkdir.