İnsan sağlamlığının keşiyində duran həkimlərimizlə yanaşı, onların köməkçiləri - tibb bacılarının üzərinə də böyük məsuliyyət düşür. Bu peşə sahibləri xəstələrin tez sağalması, düzgün müalicəsində böyük rol oynayırlar. Qürurla bildirmək istəyirik ki, Azərbaycan Tibb Universitetinin klinikalarında çoxsaylı peşəkar tibb bacıları işləyir. Onlardan biri də Tədris Cərrahiyyə Klinikasının ağız və üz çənə cərrahiyyəsi şöbəsinin tibb bacısı Güntac Ağayevadır.
Güntac 2014-cü ildən etibarən klinikada işləyir. Hesab edir ki, həkimlə yanaşı, tibb bacısının da savadlı və bacarıqlı olması vacibdir: “Çünki əməliyyatdan öncəki dönəmdə tibb bacısı xəstəyə dəstək olmalıdır. Ağır əməliyyata gedən insanlar ətrafındakılardan dəstək axtarır. Burada isə onlar əsasən bizimlə təmasda olurlar. Əməliyyatdan sonra da xəstə qayğını bizdən görməlidir. Buna görə tibb bacısının səbrli olması, xəstələrə mülayim davranması vacibdir. Yəni, həkim qədər olmasa da, məsuliyyətin böyük hissəsi tibb bacısının üzərinə düşür”.
G.Ağayevanın işlədiyi şöbədə çox ağır xəstələr yatır: “Onların demək olar ki, hamısını xatırlayıram. Amma ən yadda qalan xəstələr - koxlear implant üçün müraciət edən xəstələrimizdir. Onlar əməliyyatdan sonra ilk dəfə eşitməyə başlayanda az qala şok keçirirlər, çox sevinirlər. Belə uşaqların, onların valideynlərinin keçirdiyi hisslərin şahidi olanda, qürur hiss edirik”.
Güntac xanımın sözlərinə görə, bəzən xəstələrin yaxınları ilə problem yaranır. Onlar qaydalara əməl etmir, xəstənin yanında daha çox vaxt keçirmək istəyirlər: “Amma bu da anlaşılandır, insanlar yaxınlarına görə narahat olurlar. Bununla yanaşı, biz hər kəsə səbrlə durumu anladırıq, izah edirik ki, bununla yalnız öz xəstələrinə əziyyət vermiş olurlar”.
G.Ağayeva bildirir ki, tibb bacısı kimi insanlara yardım etmək, hər kəsin öz sağlığına qovuşması üçün əlindən gələni əsirgəmir. Klinikaya şəfa üçün gələn kəslərin sağalmasında əməyi olmasına çox sevinir və bundan qürur hissi keçirdir.