Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının sədri, t.ü.f.d. Taryel Ömərov 12-15 oktyabr 2017-ci il tarixlərində Antalyada keçirilən "5th National and 3rd Mediterranean Congress for the Surgery of Obesity and Metabolic Disorders" konqresində iştirak edib.
Konqresdə açılış nitqi ilə çıxış edən dərnək sədri T.Ömərov təşkilatçılara belə bir möhtəşəm tədbirin təşkili üçün təşəkkürünü bildirib. O, həmçinin TOSS sədri Professor Mustafa Taşkını Türkiyədə bariatrik cərrahiyə sahəsində fəaliyyətinin 30 illiyi və özünün 66 yaşının tamam olması münasibətilə təbrik edib. T.Ömərov ona ATU kollektivi və dərnək adından Azərbaycanın milli simvollarından biri ayılan xalça hədiyyə edib. Bundan əlavə, Taryel Ömərov konqresin elmi-praktiki hissəsində respublikamızda aparılan əməliyyatlar və təkrar mədəkiçiltmə əməliyyatı barədə çıxış edib.
Qeyd edək ki, bu tədbirdə bariatrik cərrahlarla yanaşı, dərnəyin digər profilli həkimləri də iştirak ediblər. Endokrinoloq Gülay Məmmədova və pediatr Səbinə Nurəliyeva öz çıxışlarında son illər adıçəkilən sahələrdə Azərbaycanda əldə olunan nailiyyətlər haqda məlumat veriblər. ATU II cərrahi xəstəliklər kafedrasının əməkdaşı Elçin Abdinov, həmçinin III cərrahi xəstəliklər kafedrasının əməkdaşı Aslan Abdullayev konqresdə müzakirə olunan mövzular ətrafında fikirlərini bildiriblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri dünyanın bir çox dövlətlərindən gəlmiş professorlarla təcrübə mübadiləsində aktiv iştirak ediblər.
Tədbirdə Taryel Ömərov Bariatrik-Metabolik cərrahiyyə üzrə beynəlxalq ekspert seçildiyindən, Assosiasiya rəhbəri bundan sonrakı toplantılarda Azərbaycanın Bariatrik-Metabolik cərrahiyyəsini təmsil edəcək.